Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 13:03
ABŞ və Avropa İttifaqının yardımları, Fransanın dəstəyi və Hindistanın hərbi texnika tədarükü Ermənistana çox baha başa gələcək. Dünən Brüsseldə keçirilmiş görüş aşkar göstərdi ki, İrəvanın ümid etdiyi yardımları Qərb ermənilərə ünvanlaya bilməyəcək. Daha doğrusu, Qərbin belə niyyəti yoxdur.
Ermənistanın "müttəfiq"ləri və "dost"ları isə yaranmış vəziyyətdən istifadə edərək İrəvanı çox ağır şəkildə cəzalandıracaqlar.
Beləliklə, ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə "konfrans" adlanan görüş başa çatdı.
Görüşə NATO-un baş katibi Yens Stoltenberq də qatılmaq fikrində idi. Amma Vaşinqton və Brüsselin "bu görüşdə yalnız Ermənistana maliyyə və iqtisadi yardımlar müzakirə ediləcək" bəyanatından sonra Stoltenberqin iştirakı məsləhət bilinməyib. Çünki onun müzakirələrə qatılacağı təqdirdə görüşdə nəzərdə keçirilən əsas məsələlərdən birinin məhz Ermənistana hərbi-texniki yardımlar olduğu etiraf edilməli və bununla da Cənubi Qafqaz bölgəsində Azərbaycana, Türkiyəyə, Rusiyaya və İrana aşkar şəkildə meydan oxunacaqdı.
Stoltenberqi görüşdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel əvəzlədi.
Brüsseldə U.fon der Lyayen bəyan etdi ki, Avropa İttifaqı Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində yeni yardımlar edəcək: "Bu dətəyin məqsədi, həm də Ermənistandakı kiçik və orta müəssisələrə dəstək verərək onların yeni bazarlara çıxışlarına kömək etməkdir".
"Avropa İttifaqı Ermənistana vəd vermişdi və bu gün o vədi yerinə yetirir. Xatırladım ki, Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlığın çərçivələri 2023-cü ilin oktyabrında müzakirə olunmuşdu. Qara dəniz elektrik kabeli marşrutuna, Avropaya təmiz enerji ixracına, energetikaya, nəqliyyata, ticarətin diversifikasiyası vasitələrinin hazırlanmasına dəstək vermək niyyətindəyik", - der Lyayen deyib.
Nikol Paşinyanın Aİ tərəfindən mütləq dəstəklənəcəyini bəyna etdiyi "Sülh yolayrıcı" idefiks layihəsinə gəldikdə - Ursula fon der Lyayen İrəvanı pərişan edərək "əlverişli şərait olanda transsərhəd daşımaları və yeni marşrutlarla bağlı məsələləri də müzakirə edəcəyik" söyləyib.
O, daha sonra vuruğlayıb ki, Ermənistana dəstək üçün əlavə olaraq 500 milyon avronun da ayrılması nəzərdən keçirilir.
ABŞ-ın dövlət katibi Entoni Blinken isə bəyan edib ki, Vaşinqton İrəvana 65 milyon dollar məbləğində yardım ayıracaq: "Bu, iki il əvvəlki yardımların həcmindən iki dəfə çoxdur".
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen Brüsseldə keçirilən üçtərəfli görüşü yekunlarını açıqlayıb:
O-Brayen qeyd edib ki, ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri Ermənistanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstəyini vurğulayıblar. Onlar həmçinin 2018-ci il inqilabından sonra ölkədə həyata keçirilən demokratik islahatlara heyran olduqlarını və erməni xalqının demokratik istəklərini əks etdirən qlobal iqtisadiyyatın və siyasi sistemin yaradılmasına dəstək verdiklərini bildiriblər.
"Görüşün məqsədi Ermənistandakı mövcud islahatların müzakirəsi və Azərbaycanla sülh prosesinin davam etdirilməsinə çağırış idi. Tərəflər qeyd ediblər ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi regionun uzunmüddətli perspektivdə təhlükəsizliyinə və çiçəklənməsinə, o cümlədən Aralıq dənizindən Orta Asiyaya yeni ticarət yollarının açılmasına kömək edə bilər.
ABŞ dövlət katibi vurğulayıb ki, Ermənistandakı siyasi islahatlar xalqın iradəsinə cavab verə bilən və dünyada müxtəlifliyə və tərəfdaşlığa töhfə verə bilən inklüziv hökumət üçün şərait yaradır.
Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatı isə diametral zidd mövqedədir.
"Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü "kollektiv Qərb"in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk.
Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrlə nəticələnə bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz artmasına səbəb olur.
Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını - Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir.
Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırdı, bir çoxları üzrə, xüsusən də qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.
Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən "3+3" Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan "regional məsuliyyət" prinsipinə uyğun olaraq həllini tapmalıdır.
Ermənistan da onun iştirakçısı idi. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq".
Beləliklə, Ermənistanın Brüssellə bağlı ümidlərinin tam əksəriyyəti doğrulmayıb.
Vaşinqton, Paris və Brüssel ermənilərdən Rusiya ilə əlaqələri minimuma endirməyi, Moskvanın asılılığından çıxmağı, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyi, həmçinin Rusiyanın əsas rol oynadığı MDB strukturlarında təmsil olunmağına son qoymağı istəyir.
İrəvan ona verilən əmrləri və göstərişləri yerinə yetirərsə, çox ciddi itkilərlə üzləşəcək. Belə ki, Ukraynada apardığı hərbi əməliyyatlara görə Qərbin çoxsaylı sanksiyalarına məruz qalmış Rusiya həmin sanksiyalardan yayınmaq və paralel ixrac üçün Ermənistan ərazisindən də istifadə edir.
Bunun müqabilində Ermənistan hər il təqribən 3,4 milyard dollar xalis gəlir əldə edir. Ermənistanın son 2 ildə "nail olduğu iqtisadi inkişaf templəri" də məhz Rusiyaya sanksiyalardan yayınaraq daşınan mal və məhsullarla bağlıdır.
Eyni zamanda, Rusiyanın yaratdığı və MDB çərçivəsində fəaliyyət göstərən, İrəvanın da üzv olduğu Avrasiya Stabilləşmə və İnkişaf Fondu Ermənistandakı 10 layihəyə 533 milyon dollar sərmayə ayırıb. Daha 10 layihəyə isə 300 milyon dolların ayrılması müzakirə olunur.
"Şimal-Cənub" layihəsinin 4-cü mərhələsi çərçivəsində Rusiya Ermənistana 150 milyon dollar ayırıb. Qacaran tunelinin inşa layihəsi ilə bağlı Moskvanın İrəvana 200 milyon dollar ünvanlaması nəzərdə tutulmuşdu.
Sadalanan məqamları nəzərə alsaq, olmaya Ermənistan Avropa İttifaqına ərik və konyak satmaqla həmin puolları əldə etmək istəyir? Yoxsa Avropa İttifaqı eynən Rusiya kimi Ermənistana dünya bazarlarındakı qiymətlərdən çox ucuz qiymətə təbii qaz, taxıl, yanacaq satacaq, gömrük rüsumları tətbiq etməyəcək?
İrəvanda çıxan "Hraparak" qəzeti də vurğulayır ki, Nikol Paşinyanın başçılıq etdiyi "Mülki Müqavilə" partiyasından olan deputatlar Brüssel görüşündə Ermənistana milyardlarla avro məbləğində yardımların ediləcəyi ilə bağlı anlaşmaların əldə ediləcəyini düşünürdülər.
"Artıq aylardır ki, sutkada 24 saat, həftədə 7 gün Qərbin təlimatlarını yerinə yetirən bu deputatlar Rusiyanı tənqid edir, Ermənistanın üzləşdiyi bütün problemlərdə və çətinliklərdə strateji müttəfiqi suçlayırlar. Paşinyanın dəstəsindən olanlar bütün təhlükələri qulaqardına vuraraq KTMT-ni tərk etmək və Avropa İttifaqına tam meyllənmək niyyətindədirlər", - qəzet yazır.
Ermənilər ümid edirlər ki, Brüsseldə səslənən bəyanatlar ABH və Avropa İttifaqının İrəvana edəcəyi yardımların hamısı barədə deyilməyib.
Yəni Vaşinqton, Brüssel və İrəvan arasında gizli, hələ açıqlanmayan dəstək razılaşmaları əldə olunub, Nikol Paşinyan da bunlar barədə vaxtı çatanda danışacaq.
Zavallı ermənilər hələ də dərk etmirlər ki, ABŞ və Avropa İttifaqı Ermənistanı sürətlə silahlandırmaqla ölkəni ikinci Suriyaya çevirir, Cənubi Qafqazda yeni gərginliyin və qarşıdurmanın əsasını qoymağa çalışır.