Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy mövsümü başlayır: Ekspertlərdən təhlükə barədə xəbərdarlıq

Toy mövsümü başlayır: Ekspertlərdən təhlükə barədə  xəbərdarlıq

Tarix: 8 Aprel 2024 20:30

"Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir".

Bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, "Qida təhlükəsizliyi haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı layihə təsdiq olunduqdan sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq:

"Ən çox vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək".

Bəs görəsən, ölkənin əmtəə bazarında spirtli içkilərin istehsalı və satışı ilə bağlı vəziyyət nə yerdədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu sahədə, demək olar ki, xaos hökm sürür:

"Əmtəə bazarının bu seqmentində xaos var. İllərdir, üzərində saxta aksiz markası olan, kustar üsulla hazırlanmış və standartlara cavab verməyən spirtli içkilər hazırlanır. Bu sahədəki vəziyyətin acınacaqlı olduğunu sübut edən faktı dörd il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi aşkarladı. DİN sübut etdi ki, ölkənin əmtəə bazarında ən bahalı yerlərdə belə, brend məhsul adı altında naməlum tərkibli spirtli içkilər satılır. Düşünürəm ki, onlar bu növ işləri davam etdirməlidirlər. Cürbəcür şadlıq saraylarının zirzəmilərində də bu tip içkilərin hazırlanması daim gündəmdə olub və bu gün də davam edir".

Eyyub Hüseynov spirtli içkilərin də, digər məhsullardakı kimi, müəyyən saxlama müddətinin olduğunu qeyd edib:

"Əhali bilməlidir ki, spirtli içkilər təkcə öz hazırlanma texnologiyalarına görə yox, eləcə də satışda uzun müddət saxlandığına görə də insan sağlamlığı üçün təhlükəlidir. Bir çox spirtli içki istehsalçıları və texnoloqlar iddia edirlər ki, spirtli içkilərin yararlılıq müddəti sonsuzdur. Lakin araqların satışda qalma müddəti bir ildən artıq olmamalıdır. Konyaklar üçün bu müddət üç il, şərablar üçün isə altı aydır. Uzun müddət saxlanılan içkilər xüsusi qablarda və çəlləklərdə saxlanılır. Hətta saxlanma yerlərində yüksək səslə də danışmaq olmaz ki, içki "ayıla" bilər. Ölkənin əmtəə bazarında bu cür içkilər çoxdur. Azad İstehlakçılar Birliyi alıcıları bu cür içkiləri ifşa etməyə çağırır. Təsadüf deyil ki, zəhərlənmələrin statistikasına baxsaq, içkidən zəhərlənmələr siyahıda ön sırada durur. Qida sektorunda yoxlamalar mütləq bərpa olunmalıdır. Cəld reaksiya mexanizmi tətbiq edilməlidir".

Qeyd edək ki, Ramazan ayının başa çatması ilə ölkədə toy mövsümü yenidən start götürəcək. Bu isə əhalini daha diqqətli olmağa vadar edir.


Etiketlər:  mövsümü başlayır Ekspertlərdən təhlükə barədə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ