Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 07:50
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi. Çünki Putin Krımın ilhaqı kimi Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi:
"Çünki bu halda Kreml sahibi müharibənin gedişatından narazı qaldığını büruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək.
Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib. Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təhcizatını modernləşdirilməlidir.
Andrey Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təhcizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edirlər və onlar birbaşa Putinə hesabat verirlər. Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var. Patruşev bu vəzifədə ikən yerli və xarici skeprtlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi. Bəs, Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı?
Bunu indidən söyləmək çətindir. Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o, bunu son anda müəyyənləşdirəcək".