Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 12:24
Bakı. Elçin Mehdiyev - Trend:
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda boşanma hallarının əsas səbəblərini açıqlayıb.
Trend-in məlumatına görə, H.Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib ki, komitə bu məsələ ilə bağlı araşdırma aparıb:
“Biz digər ölkələrdəki vəziyyəti də araşdırmışıq ki, müqayisə edək. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də ciddi deyil, ancaq istənilən halda bu, Azərbaycan üçün ağır problemdir. Boşananların bir çoxu erkən yaşda qurulan ailələrdir, çünki bu insan ailə mühitinə hazır deyil. İkinci vacib məsələ sonsuzluqdur. Çox zaman belə ailələr bizə də müraciət edirlər ki, kömək edək, onlar övladlığa uşaq götürsün və ya xüsusi tibbi prosedurla uşağa sahib olsunlar. Bilirsiniz ki, bu prosedur da hər zaman uğurlu olmur. Digər məsələ zorakılıq halları ilə bağlıdır”.
Komitə sədri bildirib ki, boşanmadan əvvəl ailələrlə xüsusi söhbət aparılmalıdır: “Biz ailə dəyərlərimizi qoruyub saxlamalıyıq. Elçilik zamanı asaqqallar gedirlər, ancaq boşanma zamanı hamı boyun qaçırır və ya söz-söhbətlərə qoşulurlar. Biz çalışırıq ki, bu hallar aradan qaldırılsın. Son dövrlərdə digər bir problem odur ki, nikaha girərkən insanlar bunu rəsmiləşdirmirlər. Biz çalışmalıyıq ki, bu hallar da aradan qaldırılsın”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin