Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 13:08
Hələ 4 əsr əvvəl türklər Vyana qapılarını ikinci dəfə döyməyə başlayanda, Avropada çoxları onlara barbar kimi baxırdı. Hətta ölümü də gülərək qarşılayan bu çılğın millət Bizansın fəthindən bəri dünyanın ən güclü ordularına köks ötdürürdü. O vaxt havanın əlverişsizliyi və ordu tədarükünün gecikməsi ilə türklər keçmiş adıyla Konstantinopol olan İstanbula fəthsiz qayıtmışdılar.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, dünən də hava əlverişsiz idi, Türkiyə millisi Avstriya ilə oyuna itkilərlə çıxmışdı. Çoxları düşünürdü ki, "üçüncü Vyana mühasirəsi" də uğursuzluqla nəticələnəcək. Bununla belə, vaxtilə Nazim Hikmətin yazdığı kimi, uşaqlar inandılar və bacardılar. Necə ki, 2002-də İlhanlar, Yıldıraylar, 2008-də Nihatlar, Semihlər inanmışdı. Zaman keçdikcə, bu anların dəyərini daha çox anlayıb, dərk edirsən. Elə bu qələbənin də mahiyyəti zamanla daha çox anlaşılacaq, mənimsənəcək. Milli yaddaşın bu epizodlarla zənginləşməsi milli kimliyin də möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edir.
Oyunu 90 dəqiqə izləmiş hər kəsə məlumdur ki, Türkiyə Avstriyanı milli ruh hesabına keçdi. Avropanın qapısı yalnız avropalılara açılmır, Avropa onu kim daha çox istəyirsə, ona qucaq açır. Bu, tarixi təcrübədir və bu təcrübəni ən çox yaşayan millət də türklərdir. Vaxtilə Konstantinopol türk ordusuna qapılarını taybatay açanda, Papa Avropada günlərlə yas elan etmiş, kilsələr məscidə çevrilmiş, onların üzərlərində aypara yüksəlmişdi. Tarix qalibi mühakimə etmir və onun şanının unudulmasına imkan vermir. Tarix təkərrür edir, siyasətdə, idmanda və digər bütün sahələrdə.
Bu gün Vyana, Krakov, Karlsruhe kimi şəhərlərin muzeylərində Osmanlıdan qalan çadırlar, silahlar və bayraqlar sərgilənir. Bunlar türklər üzərindəki qələbənin simvoludur. O vaxt avropalıların canına lərzə salan Mehtər marşı oyundan qabaq Leypziq küçələrində bu qədim ənənəyə yeni nəfəs verən türk azarkeşlərin sayəsində ərşə yüksəlmişdi. Bu, "bizim olanı almağa gəlmişik" mesajı idi. Yenə eyni istəklə, vətən eşqi və bayraqlarla...
Dünən qələbədən sonra iki qola müəlliflik edərək oyunun ən yaxşısı seçilən Merih Demiralın tribunalara bozqurd işarəsini göstərməsi xüsusilə diqqətimizi çəkdi. Məlumdur ki, bozqurd türklərin milli simvoludur. Qədim türklər inanırdılar ki, türk milləti bir bozqurdun nəslindən törəyib. Türkçülər də bu ənənəni yaşadıb, bu işarəni özlərinin əsas simvoluna çeviriblər. Bəs Merih bozqurd simvolunu ani sevincin təsiriyləmi göstərdi?
Əlbəttə, xeyr. Məsələ burasındadır ki, 5 il əvvəl Avstriyada "radikallıq və siyasi İslamla mübarizə" adı altında türkçülüyün simvolu olan işarələr də qadağan edilib. Türk xalqlarının bu qərara etirazı fonunda dövrün baş naziri Sebastian Kurz yazırdı: "Bizim təməl demokratik dəyərlərimizi qəbul etməyərək onlara qarşı çıxan şəxsləri və qurumları ölkəmizdə istəmirik".
Elə türklər demiş, qədərin cilvəsinə bax ki, dünən Türkiyə millisi özünü əsl ev sahibi kimi göstərdi. Tribunaları dolduran on minlərlə azarkeş illər öncəsinə aid bu açıqlamanın cavabını artıqlaması ilə verdi. Türklərin dəfələrlə qapısını döydüyü Vyanada bu qərarın qüvvəyə minməsi təsadüfi deyil. Avstriyalılar tarixin ən döyüşkən millətlərindən birinə keçid vermədikləri üçün öyünməyə davam edirlər. Bu, Merihin qələbə sevincini bu şəkildə qeyd etməsinin əsas səbəbidir.
Oyundan sonrakı müsahibəsində ilk dəfə Atatürkün 1933-cü ildəki çıxışında istifadə etdiyi "Ne mutlu Türküm diyene" sözlərindən istifadə edən Merih Demiral Vyana qalasının son daşını da dağıtmış oldu.
Dünən türklərin qalasını dağılmağa qoymayan Mert Günok, türklərin qızıl nəslinin ən parlaq oyunçusu hesab edilən Arda Gülər də daxil olmaqla, qəlbindəki ümidi sonuncu fitə qədər yaşadan bütün futbolçulara təşəkkür düşür. Məşhur filmdə də deyildiyi kimi, ümid yaxşı şeydir, bəlkə də ən yaxşısı...
1683-cü ildə böyük ümidlərlə Vyananın köməyinə gələn Polşa kralı Yan Sobieski türkləri məğlub etdikdən sonra "Tanrı belə istədi" ("Deus vincit") deyib, evinə yollanmışdı. Bu gün türklərin qələbəsini istəyən də həmin Tanrı idi. Deus vincit!