Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orbanın Kiyev, Moskva və Pekin səfəri – Nəyə çalışır?

Orbanın Kiyev, Moskva və Pekin səfəri – Nəyə çalışır?

Tarix: 9 Iyul 2024 09:00

Macarıstan Baş naziri Viktor Orban ölkəsinin AB Şurasına həmsədrliyi çərçivəsində Ukrayna, Rusiya və Çinə səfərləri üç aspektdən xüsusi əhəmiyyət kəsb edir.

Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professor Ukrayna müharibəsinin AB üçün də ciddi təhlükəyə çevrildiyini və onu ABŞ-dan asılı hala salaraq müstəqil aktor kimi manevr qabiliyyətini məhdudlaşdırdığını bildirib:

"Birincisi, Macarıstan son dövrdə Rusiya ilə olan münasibətləri və Ukrayna müharibəsinə yanaşmasına görə AB-nin bir çox ölkəsi tərəfindən tənqid edilir. Bu mənada Orbana təzyiq edənlər və səfəri əngəlləməyə çalışanlar var idi. Lakin maneələrə, fikir ayrılıqlarına rəğmən, Orban qətiyyətli davranaraq, Kiyevdən sonra Moskvaya getdi. Macarıstan baş naziri həmsədrlik səlahiyyətlərini həm öz ölkəsi, həm də AB üçün fürsət kimi dəyərləndirməyə çalışır. Bununla rəsmi Budapeşt həm milli və ortaq təhlükəsizliklə bağlı təhdidlərin ön plana çıxdığını, eyni zamanda Moskva və Kiyevlə eyni məsafədə olduğunu göstərdi. İkincisi isə odur ki, Ukrayna müharibəsi hər keçən gün kompleks şəkildə genişlənməyə və dərinləşməyə doğru gedir. Yəni müharibə yalnız Rusiyaya deyil, həm də Avropaya təsir edir. Ona görə də əslində Orbanın səfəri AB-nin də yararınadır. AB onun vasitəsilə Ukrayna müharibəsi ilə bağlı narahatlıqlarını, mövqeyini Rusiyanın nəzərinə çatdırıb. Müharibənin təsirləri yalnız xarici siyasətlə bağlı deyil. Çətinliklər AB ölkələrində ifrat sağın hakimiyyətə gəlməsinə, güclənməsinə və radikallığın artmasına münbit şərait yaradır. Orban da AB Şurasının həmsədr ölkəsinin başçısı kimi müharibənin uzanmasının qitə ölkələrinə heç bir faydasının olmadığının fərqindədir. Digər tərəfdən AB Vaşinqtonun dərinləşdirilmiş Asiya-Sakit okean siyasətində arada qalmaq istəmir və bunun öz müstəqilliyinə, strateji muxtariyyətinə, təhlükəsizliyinə dərin təsir göstərdiyini, prosesin belə formada uzun müddət davam etdirilməsinin qeyri-mümkünlüyünü anlamağa başlayıb. Rusiya səfərini AB-nin Orban üzərindən Moskvaya bir sıra mesajların verilməsi həmləsi kimi də qiymətləndirə bilərik. Yəni AB axtarış içərisindədir və bu səfər Makronun da ifadə etdiyi strateji muxtariyyətə xidmət edəcək diplomatik kanalların yenidən bərpası üçün ilk addımdır. Digər tərəfdən AB Orbanın səfərləri ilə ABŞ-a artıq balanslaşdırılmış siyasət izləyəcəkləri barədə də mesaj verməsi mümkündür. Çünki ABŞ Ukrayna münaqişəsi vasitəsilə AB-ni özündən asılı vəziyyətdə saxlamaq niyyətindədir. Orban bununla ölkəsinin və təşkilatın sülh istədiyini, müharibənin bitməsi üçün çalışacaqları mesajını verdi".

Alim AB-nin eyni anda Rusiya və Çinlə mübarizə aparmaq istəmədiyini vurğulayıb:

"Sonuncu məqam Çinlə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu səfər Macarıstan və AB-nin tərəf olmağa məcbur edilməsi ilə əlaqədardır. Hər nə qədər ABŞ-ın yanında olduqlarını göstərsələr də, AB-nin təhlükəsizlik maraqları qarşılarında Rusiya ilə bərabər Çin təhdidinin olmamasını tələb edir. Yəni Ukrayna müharibəsi ilə Vaşinqtondan asılı hala gələn AB Çini də qarşısına alaraq çoxqütblü dünya imkanlarını tamamilə sıfra endirmək istəmir. AB Macarıstan üzərindən Moskvaya olduğu kimi Pekinə də mesaj verir. Ümumiyyətlə isə Orbanın bu səfərlərində əsas məqsəd Ukrayna müharibəsinin həll yollarının müzakirəsi, eyni zamanda AB-ni ABŞ, Rusiya və Çinin mübarizə sahəsi olmaqdan çıxarmaq və onun müstəqilliyinin davamlılığını təmin etməkdir".


Etiketlər:  Orbanın Kiyev Moskva Pekin səfəri Nəyə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ