Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 20:54
Gürcüstanda təxminən 9 il əvvəl iş adamı Beso Xardzianini öldürməkdə təqsirləndirilən və barəsində qiyabi həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı 38 yaşlı Fərid Qurbanov İstanbulda saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Laşa Tskvitariya mediaya açıqlamasında deyib.
O bildirib ki, F.Qurbanov Gürcüstana ekstradisiya ediləcək.
Məlumata görə, 2015-ci ilin 28 martında B.Xardziani evinin qarşısında silahdan açılan atəşlə ölümcül yara alıb. Araşdırmalardan sonra hadisəni Qurbanovun törətdiyi məlum olub. Belə ki, Qurbanov bu əməli törədərkən tək olmayıb, ona bu işdə Rusiya vətəndaşı Oleq Doyev də yardımçı olub.
2017-ci ilin sentyabrında Tiflis Şəhər Məhkəməsi hər ikisini 19 il müddətinə azadlıqdan məhrum edib, lakin prokurorluq hökmdən apellyasiya məhkəməsinə şikayət edib. 2018-ci ilin martında apellyasiya məhkəməsi Qurbanovu qiyabi olaraq qeyri-müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edib, O.Doyevin cəzası isə dəyişməz qalıb.
Hazırda O.Doyev beynəlxalq axtarışdadır.