Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 11:12
Bakı. İlhamə İsabalayeva – Trend:
1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsi 1 metr 27 sm enib.
Bu barədə Trend-ə özəl olaraq, AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, Xəzər dənizinin səviyyəsi həmişə tərəddüd edib. Lakin 1995-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. 2009-cu ildən isə enmə daha sürətlə baş verir.
Qeyd edilib ki, 2009-cu ildən dəniz suyunun səviyyəsində il ərzində 16-24 sm enmə müşahidə edilir. Hazırda Xəzərdə suyun səviyyəsinin mənfi 28 metrə yaxındır.
Şöbənin tədqiqatlarının nəticələrinə görə, enmə prosesi hələ davam edir, lakin yay aylarında Xəzərdə suyun səviyyəsi nisbətən yüksək olur. Çünki dağlarda qarların əriməsi və onların şimaldan çaylar vasitəsilə Xəzərə tökülməsi nəticəsində dəniz suyunun səviyyəsi yüksəlir:
“Amma Volqa çayının Xəzərə axını nə qədər azalıb ki, yayda dəniz səviyyəsində nisbətən artım olsa da, yenə də enmə baş verir. Xəzərdə buxarlanma da buna öz təsirini göstərir. Buxarlanma enmə üçün ən əsas faktorlardandır. Çünki dənizə buxarlanmanın yerini tuta biləcək qədər su daxil olmur. Buna görə də səviyyə düşməyə başlayır”.
Xatırladaq ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) səviyyə 2,5 metr artıb, sonrakı illərdə isə yenidən azalma müşahidə olunmağa başlayıb.
Məlumatlara görə, ildə təxminən 240 milyard kubmetr su Volqa çayından Xəzər dənizinə axır. Bu isə Xəzərə axan suyun 80-85%-i təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin