Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 15:58
Sonxeber.net axar.az-a istinadən Cavanşir Feyziyevin yazısını təqdim edir:
Bu gün dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri eyni xəbəri çatdırır. "HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü". İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra öz rezidensiyasına qayıdan İsmayıl Haniyə və onun cangüdəni İsrail tərəfindən vurulan raket zərbəsi ilə öldürülüb. Xəbər verilir ki, bu hadisə ilə bağlı hazırda İranın dövlət təhlükəsizliyi üzrə Ali Şurası fövqəladə iclas keçirir. Röyters agentliyi isə bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri İran İslam Respublikasının Ali Lideri Əli Xameneinin qərargahında toplaşıblar və tezliklə dünya bu fövqəladə hadisəyə İranın verəcəyi cavabın nədən ibarət olacağını eşidəcək.
Baş verənlərin səbəbini anlamaq üçün İranın nüvə silahına sahiblənmək üçün apardığı fəaliyyətlərdən bəhs edən məqalələri xatırlamaq yerinə düşər. Hələ bu ilin aprel ayında "Vaşinqton Post" adı çəkilməyən məmurlara və məxfi səndlərə istinad edərək yazırdı ki, İran nüvə silahı əldə etməyə heç vaxt olmadığı qədər yaxındır və bunu 2018-ci ildə ABŞ-ın Nüvə Razılaşmasından çıxması ilə əlaqələndirirdi. Qəzet bildirirdi ki, Tehran ən azı üç atom bombası hazırlamağa kifayət edəcək qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir ki, prosesi başa çatdırmaq cəmi bir neçə gündən bir neçə həftəyə qədər vaxt tələb edə bilər. Həmçinin qeyd olunurdu ki, raket üçün nüvə başlığının hazırlanması isə iki il və daha çox vaxt apara bilər. Məlumatlar kifayət qədər çox və bəzən ziddiyyətli idi. Bəzi mətbuat orqanları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlarına, eləcə də ABŞ və Avropanın kəşfiyyat orqanlarına istinad edərək bildirirdilər ki, İran atom silahı əldə etmək üçün zəruri komponentlərin həcmini durmadan artırır. ABŞ məmurları isə iddia edirdilər ki, Qərblə qarşıdurmanın kəskinləşməsindən yayınmaq üçün İran malik olduğu uranın zənginləşmə faizini aşağı salmaq istiqamətində addımlar atır. Lakin bu iddia ilə razılaşmayan "Vaşinqton Post" isə iddia edirdi ki, İranda uranın zənginləşdirilməsi prosesi rekord sürətlə aparılır və ölkədə nüvə yanacağı ehtiyatlarının artırılması davam etməkdədir. Bununla yanaşı qəzet İranın nüvə silahının yaradılmasına cürət edib - etməyəcəyindən əmin olmadığını qeyd etmişdi.
Bütün bu qeyri-müəyyənliklərin fonunda Hamas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi olduqca həyəcan verici bir xəbərdir. İstisna etmək olmaz ki, bu hadisə bölgəmizdə böyük bir müharibənin alovlanmasına səbəb ola bilər. Belə bir müharibənin başlanmasında maraqlı olan qüvvələr kifayət qədər çoxdur.
Hadisələrin bu ssenari üzrə inkişafı əlbəttə Azərbaycanın maraqlarına ziddir. Bölgədə hərtərəfli davamlı inkişafın təmin olunması üçün Azərbaycan sülhün və təhlükəsizliyin qorunub saxlanmasında maraqlıdır. Lakin bu qlobal miqyaslı geopolitik qarşıdurmada maraqlı olan çox güclü qlobal oyunçular var və hansısa şəraitdə bölgəmizdə belə bir müharibənin başlanması qaçılmaz ola bilər. Belə bir arzu olunmayan şəraitdə Azərbaycan bu qlobal qarşıdumanın dağıdıcı təsirlərini özü üçün minimuma endirməyə çalşmaq məcburiyyətində qalacaq.
Problemin bu şəkildə həlli üçün Azərbaycanın kifayət qədər resursları var. Belə ki, Azərbaycan artıq qlobal və regional güclərin geniş miqyaslı qarşıdurması şəraitindən uğurla çıxmaq təcrübəsinə malikdir. Qarabağ ətrafında aparılan qlobal oyun zamanı böyük güc mərkəzlərinin fərqli planlarına baxmayaraq 30 ildən çox işğal altında qalmış torpaqlarımızın öz gücümüzə azad edilməsi bunun ən parlaq sübutudur.
Ən başlıcası isə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dəfələrlə ən kəskin qlobal və regional qarşıdurmaların yaratdığı fəlakətlərdən ölkəmizi sovuşdurmağa nail olmuş müdrik siyasətçiyə və mahir beynəlxalq siyasət strateqinə malikdir. Bu isə ölkəmizin hər cür gözlənilməzliklərdən müdafiəsi üçün ən güclü arsenalımızdır. Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasət ətrafında yaranmış ümummilli həmrəylik Azərbaycanı hər cür fəalkətdən qorumağa qadirdir.
Bütün bunlarla yanaşı, İranda baş verənlər planetimizdə sülhün nə qədər kövrək olduğunu göstərir. Sülh və təhlüksizlik böyük bir dəyərdir ki, onu yalnız itirəndə daha dərindən qavramaq mümkün olur. Biz bunu artıq bir dəfə yaşamışıq.