Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2024 22:18
Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz?
Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?
Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan bixəbərik.
Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik?
Sonxeber.net lent.az-a istinadən elə burdan yola çıxaraq "Bizim küçələr" adlı rubrikasının növbəti yazısını təqdim edir.
Bu dəfə hər kəsin "Anaşkin" kimi tanıdığı, amma rəsmi olaraq Əliyar Əliyevin adını daşıyan küçənin tarixindən danışacağıq.
Metronun "Koroğlu" stansiyasına yaxın ərazidə, Bakıxanov qəsəbəsinin iç-içə massivlərində "Anaşkin" adlanan məhəllə var. İndi küçənin rəsmi adı Əliyar Əliyev olsa da, el arasında oranı hamı "Anaşkin" kimi tanıyır.
Həmin küçə Bakının Sabunçu rayonunda yerləşir.
Bu məhəllə Yasamaldakı Alatava yaşayış massivini xatırladır: darısqal küçələr, yarıasfalt, yarıbərbad yollar, axşamlar zülmətə bürünən, işıqsız mənzərə...
Bəs, Anaşkin kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?
Öncə başlayaq İvan Anaşkindən. İvan İvanoviç Anaşkin 1880-ci ildə Tambov quberniyasında anadan olub. O, Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparıb. 1901-ci ildə Bakıya gəlib, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olub.
1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışıb:
RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü, Qırmızı hərbi drujinanın üzvü, Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri, Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü olub.
1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında isə RKP Qafqaz ölkə komitəsinin üzvü seçilib.
Anaşkin Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərib. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil edib, fəhlələri hökumətə qarşı itaətsizliyə çağırıb. Bununla əlaqədar, dəfələrlə həbs olunub.
Daha sonra, İvan Anaşkin 1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilib. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışıb, 1928-ci ildən AKP MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləyib. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləyib.
Düz, 10 il sonra İvan repressiyanın qurbanı olub. 1938-ci ildə həyatını itirib.
Hazırda küçənin rəsmi adına gəldikdə isə Sabunçu rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, "Anaşkin" adı 2017-ci ildə dəyişdirilib:
"SSRİ dövründən sonra, 2017-ci ildə həmin küçənin adı dəyişdirilib. Hazırda Anaşkin yox, Milli Qəhrəman Əliyar Əliyev adını danışıyır".
Yəqin ki, çoxunuz Əliyar Əliyev haqqında eşitmisiniz. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir:
"Əliyarın ölümü ilə bütün Qubadlı kədərə büründü, camaat ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi... Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər ki, Əliyar kimi oğlu olan oba basılmaz. Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu".
Bu da belə... Küçələrimizi tarixini bilək, yaxından tanıyaq.