Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2024 21:24
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson öz xatirələrində Kraliça II Elizabetin ölümünün əsl səbəbini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Conson bu barədə memuarında yazıb.
O iddia edir ki, kraliça hamıya məlum olduğu qocalıq səbəbindən deyil, sümük xərçənginə görə vəfat edib.
Sabiq hökumət başçısının sözlərinə görə, onunla II Elizabetin son görüşü 6 sentyabr 2022-ci ildə, onun istefasından təxminən iki ay sonra baş tutub. Həmin vaxta qədər keçmiş baş nazir artıq kraliçanın ciddi xəstəliyi barədə məlumatlı idi.
"Mən saray əyanları ilə Əlahəzrətin baş nazir vəzifəsinə düzgün namizəd barədə məsləhətləşmələr haqqında zarafat etməyə çalışırdım. Onlar gülümsəyirdilər, amma yorğun görünürdülər. Onun şəxsi katibi Edvard Yanq məni kraliçanın vəziyyəti ilə bağlı hazırlamağa çalışdı. Mən artıq bir il, bəlkə də daha çoxdur, onun sümük xərçəngi olduğunu və vəziyyətinin hər an pisləşə biləcəyini bilirdim. "Yay ərzində o, çox zəifləyib", - deyə Edvard vurğuladı. Bu vaxt qapı döyüldü və bir xidmətçi məni Əlahəzrətin qonaq otağına apardı. Kraliça məni salamladı. Biz bir-birimizin qarşısında mavi-yaşıl divanlarda otururduq və mən dərhal Edvardın nəyi nəzərdə tutduğunu başa düşdüm: kraliça solğun və beli daha da bükülmüş görünürdü, əllərində, biləklərində tünd göyərmələr var idi, ehtimal ki, sistem və ya iynələrdən yaranmışdı. Ancaq ağır fiziki vəziyyətinə baxmayaraq, kraliçanın zehni aydın qalırdı. Biz danışanda o, bəzən əhvalı dərhal yüksəldən həmin ağdişli təbəssümü ilə gülümsəyirdi", - deyə Boris Conson kraliçayla son görüşünü xatırlayır.
Xatırladaq ki, kraliça II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında Şotlandiyadakı Balmoral qəsrində vəfat edib. Ölkəyə 70 il ərzində rəhbərlik edən II Elizabet Böyük Britaniya tarixində ən uzunömürlü monarx hesab olunur.