Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-də mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur

ATƏT-də mühüm açıqlama: Bakı və İrəvan arasında münasibətlər sıfırdan qurulur

Tarix: 4 Dekabr 2025 17:44

Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib:

"Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.

Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini parafladıq.

Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm".

Ceyhun Bayramovun sözlərinə görə, nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub:

"Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.

Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.

Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.

Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.

Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".

XİN başçısı əlavə edib ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.


Etiketlər:  ATƏT mühüm açıqlama Bakı İrəvan arasında münasibətlər sıfırdan qurulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ