Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı “9 balı” gördü

Bakı “9 balı” gördü

Tarix: 3 Oktyabr 2024 08:14

Ekspert deyir ki, tıxacların əsas səbəbi avtomobillərin sayının çoxluğu deyil, yolların yoxluğudur; dəniz taksiləri də tıxaclara çarə ola bilər

Son iki gündə paytaxtda saatlarla davam edən tıxaclar əhalinin gediş-gəlişində ciddi problemlər yaradıb. Paytaxtın mərkəzi-Səbayel rayonun küçələri deyil, ətraf rayonlarda da saatlarla davam edən tıxaclar olub. Xüsusilə Bayraq meydanından "Azneft" meydanına və "İçərişəhər" metrostansiyasına  sərnişinlər piyada getməyə məcbur olub. Marşrut avtobuslar da saatlarla gecikib, ya da yollarda qalıb. Bunun səbəbləri sırasında yeni dərs ili, həftənin ilk günlərində Bakıya rayonlardan xəstəxanalara müayinə üçün gələnlərin çoxluğu da var, son günlər artan velosiped yolları ilə də...  Məsələn, əsas nəqliyyat axını olan Neftçilər xəstəxanasından üzü Səməd Vurğun bağına gedən yolda yeni velosiped zolağı salınıb.

Bu cür tıxaclara böyük meqopiloslərdə balla qiymətləndirilir ki, əminlə demək olar ki, son iki gündə Bakı "9 balı" gördü. Yeri gəlmişkən, ötən gün də Bakının bir çox yollarında tıxac müşahidə edilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.  Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Tiflis prospekti, "20 Yanvar", Babək prospekti, mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər, 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər və sairə yollarda ənənəvi tıxaclar müşahidə olunub.

Qeyd etmək yerinə düşər ki, bir neçə il öncə Xəzər dənizinin üzərindən körpü (Şıxov qəsəbəsindən Zığa qədər) ilə bağlı iddialar vardı. Bu körpü şəhərə daxil olmadan on minlərlə insanın mənzil başına çatmalarına kömək olacağı və beləcə tıxac probleminin aradan qaldırılacağı bildirilirdi. Yəni qərb və cənub tərəfdən gələn nəqliyyat vasitələri inşa ediləcək körpü vasitəsilə Abşeron yarımadasının digər nöqtəsinə qədər hərəkət edə biləcəkdi.

Etiraf etmək lazımdır ki, bu olduqca bahalı, 4 milyardlıq bir layihə idi. Bir sıra ekspertlər bu layihənin inşasının Bakının tıxacdan xilas olması üçün ideal bir variant olduğunu düşünsə də, bunun əksini düşünənlər, bu gün üçün bu layihəyə pul xərclənməsini lazımsız hesab edənlər də var.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb. O deyib ki, Bakıda xroniki hal alan tıxacın səbəbi araşdırılıb: "Araşdırdığımız zaman məlum oldu ki, yaranan tıxaclarının əsas səbəbi avtomobillərin sayının çoxluğu deyil, yolların  yoxluğu imiş. Bununla yanaşı, Bakı şəhərində tıxacların yaranmasının bir çox səbəbləri var. İri şəhərdir, paytaxtdır, burada sıxlığın olması normaldır. Amma çalışmaq lazımdır ki, bu sıxlıq tıxaca çevrilməsin. Təəssüf ki, bu alınmır. Hər gün Bakıda müxtəlif tədbirlər həyata keçirilir, müxtəlif obyektlər tikilir. Yollarda müəyyən infrastrukturda dəyişikliklər edilir. Bunlar sıxlığa, sonra da tıxaca gətirib çıxarır. Bu tıxacların qarşısını mərhələli şəkildə almaq mümkündür. Ən azından subyektiv səbəbdən yaranan tıxacların qarşısını ala bilərik. Bu da ondan ibarətdir ki, müxtəlif iri miqyaslı tədbirləri Bakıdan kənara çıxara bilərik. Sumqayıtda, Gəncədə, Lənkəranda, Qəbələdə və s. keçirə bilərik. Harada beynəlxalq hava limanları var bu tədbirləri keçirmək mümkündür. Daha sonra, iqtisadiyyatı bizdən qat-qat zəif olan ölkələr var ki, onların hamısının paytaxtdan kənarda akademik şəhəri var. 50-100 min civarında şagird, tələbə burada təhsil alırlar. Müəllimlər də şəhərdən gəlib dərs deyirlər. Tələbələrin də fikri təhsilə fokuslanacaq. Bunu etmək mümkündür. Sıxlığın qarşısını almaq üçün atıla bilən faydalı addımlardan biridir. Tıxacların yaranma səbəblərindən biri də vaxtilə yol infrastrukturunun bərbad vəziyyətdə qurulmasıdır. Bunu tək mən yox, uzun illər nəqliyyat sektorunda çalışmış insanlar da deyiblər. Bakıda yollar çəkilərkən vətəndaşların rahatlığı yox, başqa məqsədlər düşünülüb. Azərbaycanda 10 milyon əhaliyə cəmi 1 milyon 300 min avtomobil düşür. Bölgələrdə istismar olunan maşınların yarısı Bakı qeydiyyatı olan avtomobillərdir. Hazırda paytaxtımızda 600 min avtomobil qeydiyyatdadır. Bakının da bu gün 5 milyon əhalisi var. Faiz nisbətində götürəndə, əlbəttə, bu elə də çox deyil. Bakıda görünən tərəf tıxaclardır, velosiped, avtobus zolaqlarıdır. Amma görünməyən tərəfləri də var. Bunlardan biri odur ki,  vaxtilə Bakıda nizamsız tikililər həyata keçiriləndə nəqliyyatın əsas qolları olan tramvay, trolleybus xətti söküləndə heç kim etiraz etməyib. İndi də qanunsuz tikililər yenə də davam edir. Avtomobil yollarının üzərində, parklanma yerlərində müxtəlif obyektlər tikilib. Bu da yol infrastrukturunda böyük ziyan vurub. Bu gün də prosesin getdiyini görürük".

Ekspert əlavə edib ki, dənizin üzərindən körpü salınması məsələsi də həll yolu ola bilər: "Bakı Buxtasında su nəqliyyatının, dəniz taksilərinin olması da yaxşı fikirdir. Bütün bu təkliflər nəzərdən keçirilməlidir və daha rentabelli olanı seçmək lazımdır. Tıxac yolun bağlanması deməkdir. Tıxacın səbəblərini aradan qaldırmaq lazımdır. Bu addımlar tıxacın qarşısını qismən də olsa ala bilər. Tıxacların yaranmasına səbəb da yol infrastrukturunda olan çatışmazlıqlardır".

Təhsil eksperti Kamran Əsədov deyir ki, Bakıda təhsil müəssisələrinin və orada təhsil alanların sayı artdıqca, şəhərdəki nəqliyyat yükü və tıxac problemi daha da aktuallaşıb: "Xüsusilə məktəb və universitetlər mövsümünün başlanğıcı, paytaxtın nəqliyyat infrastrukturuna ciddi təsir göstərir. Bu vəziyyəti statistik göstəricilər daha aydın şəkildə təsvir edir.  Bakı şəhərində 320-dən çox orta məktəb və 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib. Təhsil alanların sayı təxminən 500 mindən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı 150 mindən artıqdır. Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır ki, bu da tıxac probleminin dərinləşməsinə səbəb olur.  Bakı Nəqliyyat Agentliyinin məlumatlarına əsasən, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır. Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20 Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxacın piki müşahidə olunur. Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir".


Etiketlər:  Bakı balı gördü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ