Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 09:57
Bakı. Rufiz Hafizoğlu - Trend:
Trans-Anadolu qaz kəməri (TANAP) təkcə qardaş Azərbaycanla Türkiyənin deyil, həm bütün regionun çiçəklənməsinə və sülhə yönələn nəhəng layihədir.
Bunu Trend-ə Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib.
O qeyd edib ki, TANAP Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin bariz nümunəsidir:
“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, TANAP və digər layihələrin reallaşdırılması ilə biz bunu bir daha təsdiq etdik. Türkiyə və Azərbaycan hər zaman qardaş ölkə olacaq”.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin