Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 01:03
Tarix boyu fərdlərin - tarixi şəxsiyyətlərin - hadisələrə, proseslərə və cəmiyyətlərin inkişafına təsiri fəlsəfi və elmi müzakirələrin mərkəzində olub. XIX əsrin məşhur alman filosofu Georg Friedrix Hegel vurğulayırdı ki, "dünya tarixi böyük şəxsiyyətlərin ideyalarını həyata keçirməsi ilə irəliləyir". Eyni zamanda, fransız filosofu Jan-Pol Sartr demişdi: "Şəxsiyyətlər tarixin məhsulu olsalar da, onlar öz azad seçimləri ilə tarixin axarını dəyişə bilərlər".
Bu fikirlər fərdlərin və liderlərin sosial, iqtisadi və siyasi inkişafda müstəsna rol oynadığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev artıq 21 ildir ki, ölkəyə rəhbərlik edərək, müasir dövrdə ölkənin simasını müəyyənləşdirən tarixi şəxsiyyətlərdən biri kimi ön plana çıxır. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin olunub, iqtisadi islahatlar aparılıb, beynəlxalq arenada Azərbaycanın nüfuzu yüksəlmiş və ərazi bütövlüyü bərpa edilib. Bu nailiyyətlər Prezident İlham Əliyev şəxsiyyətinin liderlik bacarıqları və uzaqgörən siyasət yürütmə qabiliyyəti ilə birbaşa əlaqələndirilir. İctimai-siyasi proseslərin idarə edilməsində fərdi xarizmanın və qərar qəbuletmə bacarığının önəmini vurğulayan ingilis filosofu Tomas Karlayl deyirdi: "Tarix, əslində, böyük adamların bioqrafiyasından ibarətdir".
Prezident İlham Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələri təhlil edərkən, onun şəxsiyyətinin tarixi proseslərdə necə mühüm rol oynadığını görmək mümkündür.
42 yaşında prezident seçilən İlham Əliyev Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 2003-cü ildə xalqımız, böyük lider Heydər Əliyevin irsinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə irəliləməyi seçdi. Bugünkü Azərbaycan məhz bu uzaqgörən seçimin bəhrəsini yaşayır. İlham Əliyev atasının dövlətçilik ənənələrini dərindən mənimsəyərək, ölkənin müstəqilliyinin və inkişaf yolunun təminatçısına çevrilib.
Hər ötən il göstərir ki, xalq Prezident İlham Əliyevin rəhbərliyinə olan inamında yanılmayıb. Bu illər ərzində o, Azərbaycanı siyasi, iqtisadi və hərbi sahələrdə beynəlxalq nüfuza malik bir güc mərkəzinə çevirdi. Böyük liderin ideyalarına söykənərək, Azərbaycan 21 il ərzində sanki bir əsrə bərabər inkişaf yolu keçib.
Sərhədləri möhkəmləndirən zəfər siyasəti
Prezident İlham Əliyevin müdrik strategiyası və qətiyyətli idarəçilik kursu Azərbaycanın ən çətin problemlərini həll etməyə yönəlib. Ölkəmiz tarixdə ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Vətən müharibəsində əldə edilən parlaq qələbə və antiterror əməliyyatları nəticəsində Azərbaycan xalqı öz taleyinə sahib çıxdı. İlham Əliyevin hərbi-siyasi lider kimi yüksəldiyi bu məqamda, ölkənin gələcəyini təmin edən qalibiyyət formulu məhz onun uzaqgörən qərarlarında gizlidir.
İqtisadi yüksəlişin müəllifi
Son 21 il ərzində Azərbaycanın iqtisadiyyatı ardıcıl və dayanıqlı şəkildə inkişaf edib. Prezident İlham Əliyevin çevik və praqmatik siyasəti, sistemli idarəetmə yanaşması ölkəni beynəlxalq iqtisadiyyatın güc mərkəzlərindən birinə çevirdi. Həyata keçirilən mühüm layihələr Azərbaycanın milli maraqlarına tam uyğun şəkildə formalaşdırılıb. "Əsrin Müqaviləsi" ilə başlanan neft strategiyası ardıcıl olaraq davam etdirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, TANAP və TAP kimi nəhəng enerji layihələri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin açar ölkələrindən birinə çevirdi.
Regionun nəqliyyat və logistika mərkəzi
Prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri formalaşdırıldı. Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan sərhədlərinə qədər uzanan magistral yollar, həmçinin yeni liman və tranzit infrastrukturu ölkəmizi beynəlxalq ticarətin strateji qovşağına çevirdi. Prezident İlham Əliyevin bu sahədəki təşəbbüsləri Azərbaycanı regionda sülh və inkişafın dayağına çevirdi, əməkdaşlıq üçün möhkəm platforma yaratdı.
Kosmik Azərbaycan: gələcəyə baxış
Azərbaycan bu gün kosmik dövlətlər sırasında yer alır. 2013-cü ildə orbitə buraxılan "Azerspace-1", 2014-cü ildə "Azersky" və 2018-ci ildə "Azerspace-2" peykləri Azərbaycanın telekommunikasiya və müşahidə imkanlarını xeyli genişləndirdi. Bu nailiyyətlər Prezident İlham Əliyevin texnoloji inkişafa verdiyi önəmin bariz nümunəsidir.
Xarici siyasətdə balans və çeviklik
Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində dərin bilikləri və çevik diplomatiyası Azərbaycanın xarici siyasətini formalaşdırır. O, ölkələrin suverenliyinə hörmət prinsiplərinə söykənərək qarşılıqlı əməkdaşlıq modelini inkişaf etdirir. Bu yanaşma Azərbaycanı qlobal arenada etibarlı tərəfdaş və nüfuzlu oyunçuya çevirib.
Zamanın çağırışlarına ani cavab
Prezident İlham Əliyev təkcə reformator deyil, həm də qalib lider kimi tarixə düşüb. Onun idarəçilik fəlsəfəsi ölkə daxilində sosial-iqtisadi yüksəlişi təmin etməklə yanaşı, Azərbaycanı beynəlxalq səviyyədə güc mərkəzinə çevirməyi bacardı. Bu gün Azərbaycan tarixinin ən şanlı dövrünü yaşayırsa, bu, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və strateji qərarlarının nəticəsidir. Onun liderliyi ilə Azərbaycan sabaha inamla addımlayır, hər bir yeni uğur isə ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirir.
Yeni reallıqlar
Azərbaycan dünyaya beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlıq təklif etdiyini əməli işlərlə sübut etdi. Heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyini qoruyan Azərbaycan, mürəkkəb beynəlxalq münasibətlər fonunda müstəqil xarici siyasət yürütməyi bacarır. Bu səbəbdən də Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq aləmdə diqqətlə qarşılanır və dəstəklənir.
Regional liderlik və güclənən əməkdaşlıq
Azərbaycanın iqtisadi diplomatiyası qonşu dövlətlər və qlobal tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Ermənistan istisna olmaqla, bütün region ölkələri ilə tərəfdaşlıq əlaqələri qurulmuş və beynəlxalq platformalarda əməkdaşlıq üçün dayanıqlı zəmin yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır və strateji layihələrin həyata keçirilməsində aparıcı rol oynayır.
Qlobal ictimaiyyətin etimadı və Azərbaycan diplomatiyasının uğurları
Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə qeyri-daimi üzv seçilməsi və 120 ölkəni təmsil edən Qoşulmama Hərəkatına sədrliyi, ölkəmizin beynəlxalq nüfuzunun parlaq sübutudur. Bu diplomatik nailiyyətlər Azərbaycanın beynəlxalq səhnədə mövqelərini möhkəmləndirib və xarici siyasət kursunun düzgünlüyünü təsdiqləyib.
Köhnə münaqişənin yeni həlli: Qarabağ zəfəri
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasındakı münaqişənin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağı və diplomatik əsasda həll üçün möhkəm hüquqi baza yaratmağı prioritet hesab edib. O, mühüm beynəlxalq platformalarda, nüfuzlu tribunlardan çıxış edərək Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmağa nail olub.
BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu qurumların qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək ölkəmizin ədalətli mövqeyini gücləndirdi. Bu qətiyyətli diplomatik fəaliyyət Vətən müharibəsində tarixi Zəfərin əldə edilməsinə yol açdı.
Mükəmməl siyasi və hərbi idarəetmə
Vətən müharibəsi təkcə hərbi güc deyil, həm də diplomatik çeviklik tələb edirdi. İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, Azərbaycan ordusu hərbi əməliyyatları uğurla icra edərək işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızı dalğalandırdı. Qarabağda və Şərqi Zəngəzurda tarixi qələbə əldə edən Azərbaycan, regional reallıqları dəyişərək yeni əməkdaşlıq perspektivləri yaratdı.
Müharibə dövründə Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi 30-a yaxın müsahibə, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynadı. Bu məqam, həmçinin, Prezidentin informativ və diplomatik sahələrdəki bacarığını ortaya qoydu.
Sülh kursunun davamlılığı
Prezident İlham Əliyev ölkənin iqtisadi və hərbi gücünü möhkəmləndirmək üçün uzunmüddətli strategiyalar həyata keçirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırdı. 23 aprel 2023-cü ildə Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması və 19 sentyabrda keçirilən qısa, lakin uğurlu antiterror əməliyyatları Azərbaycanın hərbi tarixində yeni bir zəfər səhifəsi açdı.
Prezident İlham Əliyev təkcə qalib sərkərdə deyil, həm də gələcəyi formalaşdıran reformator liderdir. O, xalqın maraqlarını dövlət siyasətinin mərkəzinə qoyaraq, Azərbaycanın tarixində ən güclü mərhələni yaratdı. Bu gün Azərbaycan regionda yeni reallıqların müəllifi olaraq çıxış edir, ölkəmiz isə sülh və əməkdaşlığın əsas təminatçısına çevrilib.
Prezident İlham Əliyev həm hərbi, həm diplomatik sahədə atdığı strateji addımlarla öz adını Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edib. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əldə edilən bu tarixi Zəfər dövlətimizin müstəqilliyini daha da möhkəmləndirdi və xalqımızı qalib xalq statusuna yüksəltdi.
Zəfərdən yenidənqurmaya doğru
Prezident İlham Əliyevin məqsədyönlü, müdrik və uzaqgörən siyasəti Azərbaycanın daha bir tarixi zəfərinə çevrildi. Xalqımız "Dəmir Yumruq" ətrafında sıx birləşərək, müharibədən qalib çıxdı və bu qələbə ölkəmizi yeni reallıqlara daşıdı. Müharibədən üç il sonra Azərbaycan öz iradəsini və liderliyini beynəlxalq aləmə qəbul etdirdi. İndi artıq regionda oyun qaydalarını müəyyənləşdirən Prezident İlham Əliyevdir və dünyanın güc mərkəzləri yaranmış reallıqlarla hesablaşmağa məcburdur.
"Böyük Qayıdış"ın təşəbbüskarı
Qarabağ münaqişəsi tarixə qovuşub, yerində isə bərpa və yenidənqurma dövrü başlayıb. Prezident İlham Əliyevin qətiyyəti ilə bu torpaqlarda yenidən həyat canlanır. Azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa edilir. "Böyük Qayıdış" proqramı çərçivəsində artıq yüzlərlə ailə öz doğma yurdlarına qayıdıb və qarşıdakı üç ildə 140 min nəfərin köçürülməsi planlaşdırılır. Bütün bunlar Azərbaycanın gələcəyinin parlaq olacağının göstəricisidir.
Atanın arzularını həyata keçirən oğul
Prezident İlham Əliyev atasının - Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, Azərbaycanı güclü və qalib ölkəyə çevirdi. Dövlətimizin ərazi bütövlüyünü bərpa edən bu müdrik lider düşməni Azərbaycanın qüdrəti ilə hesablaşmağa məcbur etdi. Prezident İlham Əliyev tarixin səhifələrinə həm böyük strateq, həm də qalib sərkərdə kimi əbədi həkk olundu.
Son 21 il ölkəmizin misli görünməmiş nailiyyətlərinin salnaməsi kimi tarixə düşüb. Dövlət başçısı bu mühüm gün ərəfəsində bir daha azad edilmiş Qarabağa səfər etdi, Xankəndi, Şuşa və Xocalıya gedərək, dünya ictimaiyyətinə yeni mesajlar verdi.
Bu tarixi anları yaşayan hər bir azərbaycanlı qürur hissi keçirir. Vətəni, qalib Azərbaycanı təmsil etmək, xalqın arzularının gerçəkləşdiyi bir ölkədə yaşamaq hər birimiz üçün sonsuz sevinc mənbəyidir. Qarabağ zəfəri gələcək nəsillər üçün də daim qürur və ilham mənbəyi olacaq. Azərbaycan xalqı öz birliyi və liderinə olan inamı sayəsində tarixdə görünməmiş uğurlara imza atdı və bu şanlı tarix heç vaxt unudulmayacaq.
... Prezident İlham Əliyevin liderliyində Azərbaycanın yolu aydındır: hər bir zəfər bizi daha böyük məqsədlərə yaxınlaşdırır və müstəqil dövlətimizin möhkəmliyi əbədi olaraq təmin edilir.
Tarix heç vaxt sırf hadisələrdən ibarət olmur; onun mahiyyətində həmişə iradəli fərdlərin, şəxsiyyətlərin mühüm rolu dayanır.
Fransız filosofu Pol Valeri yazırdı ki, "tarix insan ağlının sonsuz səyləri ilə yaradılmış əsərlərdən ibarətdir". Bu fikirlə razılaşmamaq mümkün deyil - tarix, əslində, şəxsiyyətin iradəsi və qərarları ilə formalaşır.
Azərbaycanda son 21 ilin tarixi, məhz Prezident İlham Əliyevin şəxsiyyətinin, onun iradə və uzaqgörənliyinin məhsuludur. O, yalnız rəhbər deyil, həm də dövrün simasıdır - xalqını zəfərə, inkişafa və möhkəmlənməyə aparan liderdir. Prezident İlham Əliyev sadəcə ölkəni idarə etmədi; o, xalqın ruhunu yüksəltməyi, hər bir azərbaycanlının qəlbində qürur hissini oyatmağı bacardı.
Prezidentin liderliyi altında Azərbaycan gücləndi, əzəli torpaqlarına yenidən qovuşdu və beynəlxalq arenada öz səsini ucaltdı. 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, həm də millətin iradəsinin təntənəsi idi. Azərbaycanın qələbəsi - əslində, bir liderin xalqına və öz prinsiplərinə olan sədaqətinin sübutudur.
Alman filosofu Karl Yaspersə görə, böyük şəxsiyyətlər tarixi hadisələri öz iradələri ilə idarə edirlər. Prezident İlham Əliyev də öz dövrünün əsas memarı oldu - Azərbaycanın bugünkü inkişafı, gücü və əzəməti onun uzaqgörən siyasətinin bəhrəsidir. Onun rəhbərliyi altında ölkə təkcə iqtisadi və hərbi sahədə irəliləyiş əldə etmədi, eyni zamanda milli ruh, mədəniyyət və mənəviyyat sahələrində də böyük inkişaf yaşadı.
O, çətin anlarda xalqın yanında oldu, qələbənin də, çətinliklərin də yükünü xalqla birlikdə daşıdı. İlham Əliyevin liderliyi Azərbaycanın müasir tarixini yazdı - qəlbində güvən və gələcəyə inam olan hər bir vətəndaş üçün.
O sübut etdi ki, həqiqi lider yalnız idarə etmir - o, xalqı ilə birgə yaşayır, onun ağrı-acısını və sevincini bölüşür.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sabaha doğru əmin addımlarla irəliləyir. Tarixdə şəxsiyyətlərin rolu yalnız keçmişi dəyişdirmək deyil; onlar gələcəyi də formalaşdırır. Prezident İlham Əliyevin yaratdığı yeni Azərbaycan tarixi gələcək nəsillərə örnək olacaq. O, zamanın yaddaşında təkcə siyasətçi kimi deyil, həm də xalqının qəlbində əbədi yer tutan lider olaraq qalacaq.
Çünki tarix, əslində, ruhu güclü liderlərdən və o liderlərin arxasında birləşən xalqlardan ibarətdir.
Və Prezident İlham Əliyevin 21 illik fəaliyyəti sübut etdi ki, lider öz xalqı ilə güclüdür, xalq isə lideri ilə məğrur.
Elçin Alıoğlu