Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 09:36
Bu gün Bakı şəhərinin Nəsimi rayonunda yanacaqdaşıyan avtomobil qəzaya uğrayaraq aşıb, ətrafa dağılan yanacaq ciddi yanğın-partlayış təhlükəsi yaradıb. Xoşbəxtlikdən, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində daha böyük fəsadların baş verməsinin qarşısı alınıb.
Son vaxtlar paytaxt yollarında bu cür hadisələrin tez-tez təkrarlanması narahatlıq doğurur.
Sonxeber.net xəbər verir ki, oxu.az mayedaşıyan nəqliyyat vasitələrinin aşmasının əsas səbəblərini öyrənməyə çalışıb.
Təhlükəsiz sürüş üzrə təcrübəli mütəxəssis Ruslan İbrahimov açıqlamasında maraqlı məqamlara toxunub.
Onun sözlərinə görə, əsas problemlərdən biri sürücülərin müasir yük maşınlarının xüsusiyyətlərindən xəbərsiz olmasıdır.
"Yük avtomobillərinin aşması ilə bağlı bir çox nüanslar var. Ən böyük nüanslardan biri odur ki, sürücülər daha əvvəl sürdükləri yük avtomobilləri ilə indiki avtomobillərin idarəetməsində, istifadə qaydalarında böyük fərq olduğunu nəzərə almırlar. Sürücülər bu gün müasir MAN, DAF, "Volvo", "Mercedes" və s. kimi yük avtomobillərini də keçmiş "KamAZ", MAZ kimi idarə etməyə çalışırlar.
Digər bir səbəb isə odur ki, avtomobillərdən hava şəraitinə uyğun düzgün istifadə etmirlər.
Ən böyük səhvlərdən biri də odur ki, sürücülərin əksəriyyəti hələ də elə düşünür ki, 50% dolu olan çən daha tez aşır, amma müasir maşınlarda bu, tam əks formadadır. Çünki fizika qaydalarına uyğun olaraq ağır maşın aşmağa daha çox meyillidir, nəinki boş və yaxud da 50% dolu olan maşın.
Biz təlimlərdə də çalışırıq sürücülərə izah edək ki, artıq yanaşmanı dəyişmək lazımdır.
Çünki köhnə maşınların çənləri standartlara uyğun deyildi, avtomobillərdə daha çox kustar üsulla yığılmış çənlərdən istifadə olunurdu. Müasir maşınlardakı çənlər tam standartlara uyğun hazırlandığı üçün, bilmək lazımdır ki, yüklü maşın daha tez aşır və ya aşmağa meyilli olur.
Fikir versəniz görəsiniz ki, maye daşıyan avtomobillər əsasən döngələrdə aşırlar. Bu da təhlükəsiz idarəetmə standartlarına görə döngələrdə sürətin düzgün seçilməməsi səbəbindən baş verir.
Niyə düzgün seçilmir? Çünki sürücü, yanlış olaraq, fikirləşir ki, yüklü maşın daha çox yerə basır, döngələrdə daha dayanıqlıdır, ona görə də sürət və manevri düz seçmir, nəticədə qəza qaçılmaz olur",- deyə R.İbrahimov bildirib.
"Bu problem çıxış yolu nədir?" - sualına gəlincə, mütəxəssis problemi həll etmək üçün üç əsas tövsiyə verib. Bunlar aşağıdakılardır:
- Müasir yük maşınlarının köhnələrdən fərqli olduğunu anlamaq və uyğun idarəetmə qaydalarına riayət etmək;
- Döngələrdə sürəti düzgün seçmək;
- Tam dolu çənin yarımçıq çənə nisbətən daha tez aşdığını yadda saxlamaq.