Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin oksigensiz qalsa nə baş verər?

Beyin oksigensiz qalsa nə baş verər?

Tarix: 17 Oktyabr 2024 12:27

İnsan bədənində ən çox hava, oksigen və qandakı qidalı maddələri tələb edən orqan baş beyindir. Ona görə də beyin və sinir hüceyrələrimiz oksigen aclığına - hipoksiyaya həssasdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssislər beyində oksigen catışmazlığını göstərən əlamətlərin müxtəlif şəkildə özünü büruzə verdiyini bildiriblər.

Məsələn, onlar hesab edirlər ki, başgicəllənmə oksigen çatışmazlığının birinci əlamətidir. Bu o deməkdir ki, vestibülyar aparat pozulub, səndirləmə, qulaqlarda uğultu, küy olur. Eləcə də baş ağrıları, ürəkbulanma, qusma, halsızlıq, göz qaralması, sayrışma və s. baş verə bilir.

Beyinin oksigensiz qalması hansı fəsadları yarada bilər?

Həkim-nevroloq Qalib Əsədov bildirib ki, beyin oksigensiz qala bilməz.

"Beyində oksigenin miqdarı azalanda belə bizdə başgicəllənmə olur. Əgər beyin oksigensiz qalsa, biz huşumuzu itirib yıxılarıq. Fikir vermisinizsə, biz əyilib-qalxanda bir anlıq başımız gicəllənir. Bu hal ona görə baş verir ki, bir saniyənin mində biri qədər vaxtda beyinə gedən oksigenin miqdarı azalır. Beyin oksigensiz qalsa, beyinə qan getməsə, 4-5 dəqiqə ərzində ölüm baş verir.

Ona görə də, ürək dayananda deyirlər kliniki ölüm, çünki o zaman beyində az miqdarda oksigen olur, 4-5 dəqiqədən sonra isə beyin hüceyrələri də ölür və bioloji ölüm baş verir.

Beyin bizim bədən çəkimizin cəmi 2%-ni təşkil edir. Buna baxmayaraq, ürəyin vurduğu qanın 20%-i, yəni 1/5 hissəsi, sırf beyinə, yerdə qalan 4/5-ü isə bədənimizin digər hissələrinə gedir.

Beyinə gedən oksigen azalanda beyində işemiya baş verir, yəni adam huşunu itirir. Bu halda insanın nə qədər yaşaması beyinin nə qədər nahiyəsinin və hansı hissəsinin oksigensiz qalmasından asılıdır. Məsələn, uzunsov beyin, yəni beyinin kötük nahiyəsi oksigensiz qalanda insan ölür.

Amma alın payında, təpə payında olanda birtərəfli iflic ola bilər, ağlını itirə bilər və ya key kimi ola bilər. Çünki neyron öldüsə, yenisi əmələ gəlmir, neyronlar bərpa olunmurlar, çoxalmırlar, bölünmürlər. Oksigen azalan, getməyən yerlərdə neyronlar ölür, qalan hissələrdə də yarımcan, şikəst vəziyyətdə qalırlar.

Bəzən dəm qazı ilə zəhərlənən, özünü asan olanda deyirlər ki, beyin oksigensiz qalıb. Amma elə olanda beyin oksigensiz qalmır, beyinə gedən oksigen azalmış olur", - deyə həkim-nevroloq vurğulayıb.

Qalib Əsədov son zamanlar beyinə oksigen çatmadığı hallarda 72 saat gözləmənin vacibliyi ilə bağlı cəmiyyətdə yayılan fikirlə razılaşmadığını qeyd edib. O bildirib ki, elmdə belə bir zaman çərçivəsi yoxdur.

"Belə bir vaxtı heç bir həkim qoya bilməz. Çünki belə bir zaman çərçivəsi yoxdur. Proses belədir ki, əgər beyində işemiya prosesi 24 saat ərzində geri qayıdırsa, biz ona insult demirik, keçib gedən beyin-qan dövranı pozğunluğu və ya tranzitor-işemik həmlə deyirik. Yəni 24 saat ərzində beyinin bütün vəzifələri bərpa olunur.

Əgər bu hal 24 saatdan çox davam edirsə, bu, artıq insult sayılır. Bu isə o deməkdir ki, beyində geridönməz proseslər baş verib, yəni yuxarıda qeyd etdiyim kimi, neyronlar ölüb, onların bərpası isə mümkünsüzdür.

Düzdür, həkim xəstə sahibinə deyə bilər ki, üç-dörd gün gözləyək görək nə olur - komadan ayılırmı, dərmanlar öz təsirini necə göstərir və s., amma konkret 72 saat gözləmək deyə bir anlayış yoxdur, 24 saat gözləmək anlayışı var", - deyə həkim vurğulayıb.


Etiketlər:  Beyin oksigensiz qalsa baş verər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ