Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 11:30
Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
Sonxeber.net-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu, davamlı prosesdir, təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir.
Qeyd edək ki, XİN-dən bildirilib ki, Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarını qeydə alıb.
Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.
Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.