Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2024 16:18
Xorvatiya öz enerji sisteminin karbon emissiyasını azaltmağa və "yaşıl" iqtisadiyyata keçidi sürətləndirməyə sadiqdir, eyni zamanda Beynəlxalq Enerji Agentliyi qalıq yanacaq istehlakının sürətlə artması barədə xəbərdarlıq edir.
Sonxeber.net xəbər verir ki, bunu Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Bakıda COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Bizim gələcəyimiz, nə qədər cəsarətlə hərəkət edəcəyimizdən asılıdır. Qalıq yanacaqlardan imtina etmək yalnız iqlim deyil, həm də iqtisadi baxımdan vacibdir. Biz iqlim dəyişikliklərinə və onların təsirlərinin yüngülləşdirilməsi tədbirlərinə öz töhfəmizi veririk. Bərpa olunan enerji mənbələrinə etdiyimiz sərmayələr və əldə etdiyimiz nailiyyətlər bu işə sadiqliyimizi göstərir", - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, 2022-ci ildə Xorvatiyada bərpa olunan enerji mənbələri ümumi enerji istehlakının 29,5 faizini təşkil edib və bu göstərici davamlı olaraq artır.
"Yaşıl hidrogen" və geotermal enerji layihələri kimi layihələr sayəsində ölkə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 42,5 faizə çatdırmağa çalışır.
O əlavə edib ki, Xorvatiya təkrar emal edilə bilməyən plastik, tekstil, çamur və biogen tullantıları çevirmək üçün qabaqcıl texnologiyaları inkişaf etdirir. Bu yenilik ətraf mühitin çirklənməsi və enerji çatışmazlığı problemini həll etməklə yanaşı, metan emissiyalarını da azaldır.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.