Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2024 17:27
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Sonxeber.net xəbər verir ki, müraciətdə deyilir:
"Əziz Prezidentimiz!
Azərbaycanın hər bir regionunu təmsil edən VI Ümumrespublika Forumunun iştirakçıları olaraq, Sizə öz sevgimizi və ehtiramımızı çatdırırıq.
Bizə ünvanladığınız təbrik məktubuna görə Sizə dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətimiz haqqında inamdolu sözlərinizin bizi qürurlandırdığını ifadə etmək istəyirik.
Biz həqiqətən də çox xoşbəxtik ki, günü-gündən inkişaf edən, bütün dünyada nüfuzu daha da artan güclü, müstəqil, müasir və ən əsası zəfər qazanmış bir dövlətin övladlarıyıq. Bu gün təhlükəsiz və firavan mühitdə fiziki və mənəvi baxımdan sağlam böyüyür, milli ruhlu və vətənpərvər vətəndaş kimi formalaşaraq yaradılan bütün imkanlardan faydalanırıq.
Sizin bizə olan xüsusi diqqətinizi, verdiyiniz yüksək dəyəri və əvəzolunmaz qayğını hər addımda hiss edirik.
Cənab Prezident!
Biz həm də ona görə şanslıyıq ki, özümüzlə bağlı bütün proseslərdə, hüquqlarımızla bağlı qərarların qəbul edilməsində yaxından iştirak etmək imkanı əldə edirik. Bütün regionlarımızdan olan uşaqları bir araya gətirən Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunu ən müsbət təcrübə və ən yüksək platforma kimi qiymətləndiririk. Forumlarda bizi əhatə edən mövzular ətrafında müzakirələr aparır, uğurlarımızdan söhbət açır, dövlət qurumları qarşısında təkliflərlə çıxış edə bilirik. Bu baxımdan düşünürük ki, forumlar bütün dünya üçün bir nümunə rolunu oynayır.
Xüsusilə qeyd etməliyik ki, Sizin uğurlu xarici siyasətiniz nəticəsində ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim fəaliyyəti üzrə aparılan müzakirələrə uşaqlar və gənclər də cəlb olundu. Biz iqlim dəyişikliklərinin uşaqlara təsiri istiqamətində təşəbbüslərlə çıxış etmək imkanı əldə etdik.
Məhz bundan ilhamlanaraq, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunu "Uşaqlar və ekologiya" mövzusuna həsr etməyimiz təsadüfi deyil. Forum zamanı dayanıqlı inkişafın təməl sütunlarından olan ekoloji proseslər ilə bağlı cəmiyyətə mühüm mesajlar ünvanlamaq bizim üçün də mütərəqqi bir təcrübə olacaqdır.
Əziz Prezidentimiz!
Bir daha bizə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan uşaqları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Ümummilli liderimiz Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycanın daha da inkişafı üçün bütün bilik və potensialımızı ortaya qoyacağıq. Qalib dövlətin qürurlu yetirmələri kimi Azərbaycan uşaqlarını bütün platformalarda uğurla təmsil edəcək, ölkəmizə layiqli vətəndaş olmağa çalışacaq, üçrəngli bayrağımızı hər zaman uca tutaraq daim irəliyə aparacağıq".