Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 13:27
Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri ilə "Lightsource BP" şirkətinin baş icraçı direktoru Nik Boylenin görüşü keçirilib.
Görüşün əsas məqsədi günəş enerjisindən səmərəli istifadə sahəsində görülmüş işlər haqqında BANM tələbələrinə məlumat vermək, şirkətin gələcəkdə Azərbaycanda fəaliyyətinin perspektivlərini müzakirə etməkdir. Görüşdə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.
BANM-in rektoru Elmar Qasımov qonağı Ali Məktəbdə görməkdən məmnun olduğunu bölüşüb və bildirib ki, günəş enerjisi ilə işləyən bu cür şirkətlər elmi nailiyyətlərini biznesə çevirməyi bacarır, qloballaşan dünyada belə təcrübələr tələbələr və günəş enerjisi ilə çalışan ekspertlər üçün faydalı ola bilər.
"Lightsource BP" şirkətinin icraçı direkroru Nik Boyle deyib ki, şirkət günəş panelləri (fotoelektrik) layihələri üzrə ixtisaslaşıb. O bildirib ki, hər kəsin davamlı enerji qaynaqlarına çıxışı olmalıdır və tükənməyən günəş enerjisi əvəzsizdir. N.Boyle əlavə edib ki, şirkətin əməkdaşları aşağı karbon keçidini sürətləndirib dünya səviyyəsində günəş enerjisinin artımına nail olur. Onun sözlərinə görə, şirkətin əsas hədəfi 2023-cü ilədək dünya miqyasında günəş enerjisinin ən azı 10 GVt yerləşdirməklə qlobal enerji təhlükəsizliyinin gələcəyinin formalaşmasında mühüm rol oynamaqdır.
Görüş zamanı tələbələrin də sualları cavablandırılıb. Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib. Rektor Elmar Qasımov Nik Boyleni “Fəxri qonaq plaketi” ilə mükafatlandırıb və qonaqlar BANM-ın kampusu ilə daha yaxından tanış olublar.
Böyük Britaniyanın "BP" şirkətinin ortaqlarından olan "Lightsource BP" əsasən günəş panelləri (fotoelektrik) layihələrinin uzunmüddətli idarəetməsi, inkişafı və maliyyələşdirilməsində qlobal liderdir. Şirkət əsasən kommunal xidmətlər, təhsil, şəhərlər və hökumətlər, korporasiyalar və sənaye, torpaq və kənd təsərrüfatı sahələri ilə davamlı işləyir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin