Tarix: 8 Dekabr 2019 19:48
“Hər iki komanda üçün elə də uğurlu olmadı. Daha yaxşı çıxış edə bilərdik. Buraxılan ilk qola şərhim yoxdur.
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “Neftçi”yə uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssisin məğlubiyyət belə şərh edib: "Əlavə edilmiş dəqiqədə standart vəziyyətdən qol buraxdıq. Rəqib daha yaxşı idi. Standart vəziyyət zamanı rəqibin təhlükəli olduğunu demişdik. “Neftçi” və “Qarabağ”a bu qədər qol şansı veririksə, ya onlar çox keyfiyyətlidilər, ya da biz keyfiyyətsiz. Əcnəbilərimiz bizə daha çox xeyir verməlidirlər”.
Sopiç qeyd edib ki, qış fasiləsində komandada dəyişiklik ediməlidir: "Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdur. Adi azarkeş də bunu hiss edir. Kluba gələrkən mənə dedilər ki, filan futbolçu top səviyyədədir. Bilmirəm mən axmağam? Mənim kifayət qədər təcrübəm var. Qış fasiləsindən sonra əsas komandada Şakir kimi 7-8 oyunçum olacaq. O, məşqdə əlindən gələni edir. Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq.
Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. Allahın və qapıçının ümidinə qalmaq istəmirəm. İlk olaraq mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil, amma başqa variant olmayanda onu orda oynatmalısınız. Əcnəbi futbolçu meydanda mənə istədiyimi verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacam".