Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2025 07:16
Azərbaycanda çillələrin gəlişi və əhatə etdiyi dövr sanki unudulub. Xüsusilə gənc nəsil bu ənənələrdən xəbərsizdir. Hətta Novruzun xəbərçisi olan çərşənbələrə əvvəlki illərlə müqayisədə daha az maraq göstərirlər. Əvvəllər insanlar Böyük, Kiçik çillənin təsiri ilə qışın sərtliyini, yazın yaxınlaşmasını hiss edir, çillələrin gəlişi ilə bağlı müxtəlif inanclara əsaslanırdılar.
Lakin bu gün artıq bir çoxları çillələrin nə vaxt başladığını və bitdiyini belə bilmir. Dörd çərşənbənin simvolik anlamı da getdikcə unudulmaq üzrədir. Müşahidəçilər bildirirlər ki, bu vəziyyət şəhərə axın, müasir yaşam tərzinin dominant hala gəlməsi və ailələrin ənənəvi dəyərləri ötürməməsi ilə əlaqəlidir. Xüsusilə gənclər arasında Novruz bayramının yalnız rəsmi tətil və bayram süfrəsi ilə məhdudlaşması müşahidə olunur.
Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, Filologiya elmləri doktoru Ağaverdi Xəlil bildirib ki, Azərbaycan mövsüm mərasimlərinin mövcud vəziyyətinə ənənə və müasirləşmə prosesinin daxili ziddiyyət qanunauyğunluqları kontekstində baxmaq lazımdır:
"Ənənəvi mədəniyyət nümunələri müasirlik şəraitində tədricən passivləşir və arxaikləşməyə başlayır. Bu proses Azərbaycan mövsüm mərasimlərindən çilələrə, çərşənbələrə və "Xıdır Nəbi"yə də aiddir. Bizim əski mövsüm mərasimlərində ənənəvi xalq təqvimi kimi qış üç hissəyə bölünüb: böyük çilə (21 dekabr-31 yanvar), kiçik çilə (01-20 fevral) və boz ay (21 fevral -21 mart). Çilənin mənası təbiətin sərt şəraiti ilə bağlı olub çətinik, əziyyət deməkdir. İnsanlar ona görə də çilənin çıxmasını əlamətdar hadisə kimi qeyd ediblər. Bu məsələnin sosial aspektidir. Əski düşüncəyə və ya mifologiyaya görə isə insanlar mərasim vasitəsilə qışı yola salmağa sakral dəstək göstəriblər. Bu mənada çilə qışı yola salma mərasimidir. "Xıdır Nəbi" də bu mövsüm mərasimləri silsiləsinə daxildir. Çilənin elmi izahının ən qısa şəkli belədir".
Müsahibimiz qeyd edib ki, çərşənbələr də mövsüm mərasimidir, lakin iki əsas cəhətinə görə çilələrdən fərqlənir:
"Burada Boz ayın içində olan 4 ilaxır çərşənbə nəzərdə tutulur. Birincisi, çərşənbələr (ilaxır çərşənbələr) qışı yola salmağa deyil, yazı qarşılamğa həsr olunmuşdur. İkincisi, çərşənbələr çilələrdən sonra yaranmışdır və əski təqvimlə bağlıdır. Hər iki mövsüm mərasiminin təqvimlə əlaqəsi vardır. Çilələr xalq təqviminə əsaslanır. Çərşənbələr isə hansısa arxaikləşmiş əski Şərq təqviminə əsaslanmışdır və həmin təqvimin qalığıdır. Bu mərasimlərin zahiri tərəfi fərqlidir. Amma bu mərasimlərdə Azərbaycan xalqının xeyirxah adət və ənənələri yaşayır, qeyd olunur. Bizm mövsüm mərasimlərimiz xalqımızın mənəvi mədəniyyətini qoruyan və yaşadan sosial-mədəni hadisədir".
A.Xəlil sonda vurğulayıb ki, Sovet dövründə Çilələr keçirilib, bəzi bölgələrdə "Xıdır Nəbi" də qeyd olunub:
"Müstəqillik dövründə də mövsüm mərasimlərinin aktivləşdirilməsi istiqamətində fəaliyyətlər vardır. Təbii ki, müasirləşmənin sürəti ənənəvi mədəniyyəti müəyyən mənada üstələyir. Ona görə də gənc nəsil ənənəvi mədəniyyətdən uzaqlaşır. Düşünürəm ki, mərasim mədəniyyətimiz daha geniş şəkildə öyrənilməli və daha intensiv şəkildə təbliğ olunmalıdır. Bizim milli mədəni varlığımızın önəmli bir parçaçı ənənəvi mədəniyyətimiz, o cümlədən mövsüm mərasimlərində yaşayan və yaşadılmalı olan mədəni dəyərlərimizdir. Bu bizim zəngin mədəni irsimizdir, onu qorumalıyıq və yaşatmalıyıq".