Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 10:42
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi Qərb ölkələrinin Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları siyasi təzyiq və düşmənçilik aktı adlandırıb.
Sonxeber.net bildirir ki, o, bu barədə Gürcüstanın Birinci Kanalına müsahibəsində danışıb.
Baş nazir bəzi müxalifət partiyalarını və qeyri-hökumət təşkilatlarını Gürcüstana qarşı yalan məlumat yaymaqda və xarici ölkələrdən sanksiyalar tələb etməkdə ittiham edib. O bildirib ki, Gürcüstanın Rusiya üçün "qara dəlik" olduğu və sanksiyalardan yayınmağa kömək etdiyi barədə yayılan iddialar tamamilə yalandır.
"Bu, siyasi və diplomatik baxımdan açıq-aşkar düşmənçilik aktıdır. Biz başqa bir ölkənin baş nazirini və ya prezidentini sanksiyaya məruz qoysaq, bu, diplomatik dildə faktiki olaraq müharibə elanı demək olardı. Müəyyən QHT-lər və siyasətçilər açıq şəkildə etiraf edirlər ki, Gürcüstana qarşı belə sanksiyaların tətbiqinə yardım ediblər", - Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, məsələ ilə bağlı hüquqi qiymət verilməsi prokurorluğun səlahiyyətindədir və müvafiq araşdırmalar aparılacaq. O, xaricdən maliyyələşən bəzi təşkilatları Gürcüstanın milli maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandırıb.
Qeyd edək ki, son dövrlərdə Estoniya, Böyük Britaniya, ABŞ və Litva Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq edib. /Report