Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: 2025-ci ilin rekordu və 400-cü böyük hesab

Premyer Liqa: 2025-ci ilin rekordu və 400-cü böyük hesab

Tarix: 31 Mart 2025 12:50

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda qapılara 18 qol vurulub.

Sonxeber.net Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ən çox (6 qol) "Sumqayıt" - "Sabah" oyununda qeydə alınıb - 3:3.

"Turan Tovuz" - "Qarabağ" (1:4) matçında 5, "Zirə" - "Şamaxı" (3:0) görüşündə 3 dəfə qol səsi eşidilib. "Neftçi" - "Araz-Naxçıvan" və "Kəpəz" - "Səbail" (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabər olub. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. X turda da 18 qol qeydə alınıb.

Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.

Digər tərəfdən, Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesablı nəticə qeydə alınıb. Yubiley nəticəsinə "Zirə" "Şamaxı"nı 3:0 hesabı ilə məğlub etməklə imza atıb.

Turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün "Pambıqçı" (Bərdə) "Şirvan"a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib.

Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda "Qarabağ"dır - 65 dəfə. "Neftçi" 41, "Kəpəz" 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox - 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, "Qəbələ" 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, "Zirə" və "Şamaxı" üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.


Etiketlər:  Premyer Liqa 2025 ilin rekordu böyük hesab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ