Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2025 10:54
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".