Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 13:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dövlət hesabına vəkillik xidməti göstərən vəkillərə ödənilən xidmət haqqının vergilərdən azad edilməsi çox yaxşı olar.
Trend-in məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ötən ilin fevralına qədər vəkillərə dövlət tərəfindən bir saatlıq vəkillik fəaliyyəti üçün 2 manat ödənilirdi. Lakin ötən ilin fevral ayından Prezident İlham Əliyevin sərəncamı ilə bu xidmət haqqına görə ödənişin məbləği 3 dəfə artırıldı. Hazırda vəkillərə bir saatlıq fəaliyyəti üçün 6 manat ödənilir.
A.Bağırov hesab edir ki, digər region ölkələri ilə müqayisədə bu, normal məbləğdir:
"Əgər vəkil 8 saat ərzində dövlət hesabına hüquqi yardım göstərərsə, bu, gün ərzində 48 manat ödəniş edir. Bu, heç də az məbləğ deyil. Lakin orada bir məqam var. Hesab edirəm ki, bu məsələ gələcəkdə müzakirə obyekti olmalıdır. Bu məbləğə ƏDV və digər vergilər də daxildir. Vəkillik xidməti dövlət hesabına olduqda bu vəsait vergilərə cəlb olunmasa, daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, bu, güzəştli məbləğdir. Məncə, 6 manat vergidən azad edilsə, daha yaxşı olar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin