Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaradağda icra nümayəndəsi və sakinlər arasında qalmaqal - ''sənəd saxta çıxdı...” - FOTO

Qaradağda icra nümayəndəsi və sakinlər arasında qalmaqal - ''sənəd saxta çıxdı...” - FOTO

Tarix: 28 Oktyabr 2025 10:26

Bakının Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Jalə Abbasova və həyat yoldaşı qəsəbənin icra nümayəndəsi Hüseyn Babayevin onlara saxta sənəd verdiyini iddia edirlər.

Sonxeber.net xəbər verir ki, qafqazinfo.az-a müraciət edən şikayətçilər bildirib ki, icra nümayəndəsindən 2015-ci ildə aldıqları 6 sot torpaq sahəsində ev tikiblər.

Onların sözlərinə görə, sonradan torpağın sənəndinin saxta olduğu üzə çıxıb və bu səbəbdən evi sata bilmirlər:

"Hüseyn Babayev bizə torpağın İlqar Ömərov adlı şəxsin adına olduğunu və 11.05. 2000-ci il tarixli 428 saylı tikinti üçün sərəncam alındığını bildirdi. Biz hissə-hissə olmaqla Hüseyn Babayevə 10 min manat pul verdik. O da 6 sot torpağın həyat yoldaşımın adına 80 illik müqavilə ilə keçməsinə dair sənəd təqdim etdi".

Şikayətçi bildirib ki, bundan sonra həmin torpaq sahəsində 2 ev tikdiriblər. Yalnız bundan sonra torpaq sahəsində tikintiyə icazə verən sərəncamın saxta olduğunu öyrəniblər:

"Səhhətimdə yaranan problemlə bağlı xaricdə müalicə olunmağım üçün təcili pula ehtiyacım yarandı və bu məqsədlə evlərdən birini 60 min manata satmaq qərarına gəldik. Evi almağa razılaşan M.Məmmədov adlı vətəndaş daha sonra sənədlərlə bağlı maraqlanmaq üçün Ümid qəsəbə İcra Nümayəndəliyinə gedib və orada Hüseyn Babayevlə görüşüb. Hüseyn Babayev orada alıcıya deyib ki, torpaq sahəsində tikintiyə dair 2000-ci ildə verilmiş sərəncam əslində saxtadır və hansısa sənədin surətindən götürülüb. O, həmin sərəncamın arxivdə kökünün olmadığını deyərək evi almamağı məsləhət görüb. Düşünürəm ki, Hüseyn Babayevin öz satdığı torpaqla bağlı belə bir addım atması məntiqə uyğun deyil. Bu yolla o, vaxtı ilə bizi aldadaraq təqdim etdiyi saxta sənədlərin başqalarının əlinə düşməməsinə və işin böyüməməsinə çalışır".

J.Abbasova iddia edib ki, icra nümayəndəsi Ümid qəsəbəsində torpaq və əmlak satışına nəzarət edir və onların evini almaq istəyən şəxsə başqa "sənədli və kupçalı" ev təklif edib:

"Biz məsələ ilə bağlı aidiyyəti qurumlara, eləcə də prokurorluğa müraciət etmişik. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bununla bağlı araşdırma başladılıb və aidiyyəti sorğular verilib. Ümid edirəm ki, məsələyə obyektiv baxılacaq və hüquqi qiymət veriləcək. Bundan başqa, 2018-ci ildə mənim adımı xəbərim olmadan məşğulluqda fəhlə kimi də yazdıraraq pul alıb. Biz banka kredit üçün müraciət edəndə mənim iş yerimin olduğunu dedilər və öyrəndik ki, Hüseyn Babayev sənədlərimi məndən xəbərsiz məşğulluğa verərək belə bir hərəkət edib. Həmin vaxt biz dərhal iş məsələsinə xitam verdirdik".

Əldə etdiyimiz məlumata görə, Hüseyn Babayevin əməlləri ilə bağlı daxil olmuş şikayət əsasında Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib.


Etiketlər:  Qaradağda icra nümayəndəsi sakinlər arasında qalmaqal sənəd saxta çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ