Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DoC enerji təhlükəsizliyinin təmin edilməsi üçün çərçivə mexanizminə çevrilib - OPEC baş katibi

DoC enerji təhlükəsizliyinin təmin edilməsi üçün çərçivə mexanizminə çevrilib - OPEC baş katibi

Tarix: 11 Dekabr 2025 11:00

Əməkdaşlıq haqqında Bəyannamə (DoC) enerji təhlükəsizliyinin təmin edilməsinə yardım edən çərçivə mexanizminə çevrilib.

Sonxeber.net-in OPEC-ə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Heysam əl-Qeys DoC-nin yaradılmasının doqquzuncu ildönümü münasibətilə bildirib.

“Doqquz il əvvəl tarixi razılaşma əldə olundu və yeni mərhələ başlandı. Bu mərhələ çoxşaxəli dialoqun və qarşılıqlı fəaliyyətin nazirlik, texniki və tədqiqat səviyyələrində zəruriliyini, dəyərini və əhəmiyyətini vurğuladı. Geri dönüb baxdıqda aydın görünür ki, DoC neft bazarının sabitliyinin, enerji təhlükəsizliyinin və qlobal iqtisadi artımın təmin olunmasına imkan verən bir baza kimi formalaşıb”, – deyə o bildirib.

Əl-Qeys qeyd edib ki, DoC-nin bütün bu illər ərzində əldə etdiyi uğur iştirakçı ölkələr arasında formalaşmış etimad və şəffaflıq nəticəsində mümkün olub.

“Onun gücü bütün tərkib hissələrinin cəmindədir. Hər bir ölkə mühüm rol oynayır. Şübhə etmirəm ki, qarşıdakı illərdə və onilliklərdə DoC inkişaf etməyə və daha da güclənməyə davam edəcək. Biz onun 2026-cı ildə keçiriləcək 10 illik yubileyini səbirsizliklə gözləyirik”, – baş katib əlavə edib.

Xatırladaq ki, doqquz il əvvəl – dekabrın 10-da OPEC-ə üzv dövlətlərin nümayəndələri, habelə Azərbaycan, Bəhreyn Krallığı, Bruney-Darüssəlam, Ekvatorial Qvineya (sonradan OPEC-ə qoşulub), Qazaxıstan, Malayziya, Meksika, Oman Sultanlığı, Rusiya Federasiyası, Sudan Respublikası və Cənubi Sudan Respublikası Vyanada (Avstriya) görüşərək qlobal neft bazarının cari vəziyyətini və onun davamlı sabitliyinin bərpasına dair mümkün tədbirləri müzakirə ediblər.

Görüş DoC-nin imzalanması ilə nəticələnib. Buna 2016-cı il ərzində bir neçə ay davam edən genişmiqyaslı məsləhətləşmələr, o cümlədən 28 sentyabrda Əlcəzairdə keçirilmiş OPEC Konfransının 170-ci (növbədənkənar) iclasında qəbul olunmuş “Əlcəzair razılaşması” və 30 noyabrda Vyanada OPEC Konfransının 171-ci iclasında əldə edilmiş “Vyana razılaşması” kimi əsas hadisələr zəmin yaradıb.

OPEC-dən qeyd olunub ki, DoC çərçivəsində hasilatçı ölkələr neft istehsalçıları və istehlakçıları olan bütün dövlətlərin maraqları naminə neft bazarının sabitliyi üçün məsuliyyət daşıdıqlarını təsdiqləyiblər. Onlar neft bazarının sabitliyinin bərpası və qorunması işində qlobal ictimaiyyət qarşısında öhdəliklərini nümayiş etdiriblər ki, bu da dünya iqtisadiyyatına geniş və müsbət təsir göstərib. Bu öhdəlik artıq doqquz ildir ki, qüvvədə qalır.


Etiketlər:  enerji təhlükəsizliyinin təmin edilməsi üçün çərçivə mexanizminə çevrilib OPEC baş katibi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ