Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 12:06
İntensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur.
Bu barədə Sonxeber.net-in sorğusuna əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, elə ərazilər də var ki, orada təchizat sistemi mövcud deyil, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir və sistemin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
"Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər. Həmçinin payızda mövsümlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur".
Qurumdan bildirilib ki, intensiv yağışlarla bağlı 09 dekabr tarixi, axşam saatlarından etibarən bütün sukanal idarələrində növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunub.
"Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub. Hazırda yağışlar səngiyib, əməkdaşlar kiçik ərazilərdə az bir həcmdə qalmış yağış sularının daşınması işlərini davam etdirirərək həmin ərazilərin də təmizlənməsinə nail olurlar. Hazırda ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq",-deyə qurumdan əlavə olunub.