Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 14:16
Azərbaycan, Türkiyə və Gürcüstanda həyata keçirilmiş boru kəməri şəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsində innovativ həllər və davamlı təkmilləşdirmə üzrə ölçülər tətbiq olunub.
Bunu “BP Exploration Caspian Sea Ltd.”nin korroziya və materiallar üzrə mühəndisi Cavid Bejitadze Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransı çərçivəsində Sonxeber.net-ə açıqlamasında bildirib.
“Məqsədimiz korroziyaya qarşı mübarizədə yeni texnologiyalardan istifadə etməkdir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, AGT (Azərbaycan-Gürcüstan-Türkiyə) boru kəməri şəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsində innovativ həllər və davamlı təkmilləşdirmə ölçüləri tətbiq olunub.
“Əsas yeniliklər arasında uzaq məsafəli obyektlər üçün xüsusi hazırlanmış bərpa olunan enerji ilə işləyən ICCP sistemləri, həmçinin layihələndirməyə inteqrasiya edilmiş dəyişkən və sabit cərəyanın təsirini azaltmaq üçün kompleks tədbirlər yer alır”, – deyə o bildirib.
Bejitadzenin sözlərinə görə, korroziya davamlı prosesdir və şirkət mütəxəssislərinin əsas vəzifəsi onun sürətini minimuma endirməkdir.
Bunun üçün katod qorunması və qoruyucu örtüklər daxil olmaqla müxtəlif metodlardan istifadə olunur.
“Biz korroziyanı ləngidən baryerləri nəzarətdə saxlayır və onların səmərəliliyini artırmaq yollarını daim axtarırıq. Şirkətin planlarında yeni texnologiyalardan istifadə etmək və avadanlığı təkmilləşdirmək, infrastruktura korroziyanın təsirini maksimum azaltmaq yer alır. Bundan əlavə, BP korroziyaya qarşı mübarizədə ixtisaslaşmış digər şirkətlərlə, o cümlədən katod qorunması xidmətləri təqdim edən CTS ilə aktiv əməkdaşlıq edir. Biz ortaya çıxan problemləri müntəzəm müzakirə edir və partnyorlarla birlikdə optimal həllər axtarırıq”, – deyə Bejitadze vurğulayıb.