Tarix: 11 Dekabr 2025 15:06
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan
işçilərin siyahısında dəyişiklik ediləcək.
Sonxeber.net-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az
olmayaraq məzuniyyət veriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar
hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri)
yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini
(xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən
əlilliyi olan işçilərə;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan
döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı
almış işçilərə;
- Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə
yetirmiş hərbi qulluqçu olmuş işçilərə;
- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş
işçilərə.