Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 15:48
Avrasiya İnkişaf Bankı (AİİB) Avrasiya məkanında investorlar üçün ən cəlbedici hesab olunan iqtisadiyyat sektorlarını açıqlayıb.
Bu barədə Sonxeber.net banka istinadən xəbər verir.
AİİB-in hesablamalarına görə, emal sənayesi (kimya, materiallar, maşınqayırma) regionda investisiyanın cəlb olunması baxımından ən cəlbedici sahələrdən biri sayılır.
“Həmin sahənin investorlar üçün cəlbediciliyi ixrac potensialının, istehsal zəncirlərinin lokallaşdırılmasının və sənayeləşməyə dövlət dəstəyinin vəhdəti ilə izah olunur”, – Bankın hesabatında qeyd olunur.
İkinci sektor – energetika və bərpa olunan enerji mənbələridir. Qlobal enerji keçidinin sürətlənməsi enerji istehsalı obyektlərinin inşası və modernləşdirilməsinə davamlı investisiya tələbi formalaşdırır.
Üçüncü istiqamət – nəqliyyat və logistika sektorudur, ələlxüsus da yeni Avrasiya marşrutlarının formalaşması kontekstində.
“Son illərin əsas tendensiyalarından biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinin artmasıdır. 2024-cü ildə TXBNM üzrə yükaşırmalar 3,3 milyon tona çatıb, bunun 56,5 min 20-futluq konteyner ekvivalenti (TEU) təşkil edib. “Şimal–Cənub” dəhlizi üzrə daşımalar 20 milyon tonu keçib, o cümlədən 50 min TEU. 2030-cu il üçün hədəf proqnoz TXBNM üçün 11,4 milyon ton, “Şimal–Cənub” üzrə isə 32 milyon ton təşkil edir. Daşımaların artması dəmir yolu, avtomobil yolu, liman və logistika infrastrukturlarının, o cümlədən anbar sahələrinin, habelə effektiv multimodal tranzit üçün rəqəmsal həllərin inkişafını stimullaşdırır. Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasının inkişafı üçün ümumi investisiya tələbatı 2035-ci ilədək 52 milyard dollardan çoxdur”, – hesabatda qeyd olunur.
AİİB-in fikrincə, dördüncü istiqamət aqrar-sənaye kompleksi və ərzaq emalı sahəsidir.
“Beləliklə, Avrasiya regionunun investisiya strukturu keyfiyyətcə dəyişikliyə məruz qalır: xammal üstünlüyünün yerini davamlı tələbatın, ixrac potensialının, sənaye modernləşdirilməsi və ‘yaşıl’ iqtisadiyyata keçidin vəhdət təşkil etdiyi yüksək əlavə dəyər yaradan sektorlar portfeli tutmağa başlayır”, – Bankdan bildirilib.