Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 15:04
Azərbaycan Avrasiya regionunda ən böyük investorlar arasında üçüncü yeri tutur və investisiya həcminə görə Qazaxıstandan cüzi fərqlə geridə qalır.
Sonxeber.net bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatına istinadən xəbər verir.
“2025-ci ilin iyul ayına olan məlumata görə, Azərbaycan tərəfindən cəlb edilmiş birbaşa xarici investisiyaların (BXİ) yığılmış həcmi 41 investisiya layihəsi üzrə 3,2 milyard dollar təşkil edib. 2016-cı ildən investisiyalar 1,5 milyard dollar (+90%) artıb ki, bu da ölkəyə Belarusu qabaqlayaraq investorlər reytinqində dördüncü yerdən üçüncü yerə yüksəlməyə imkan verib. Əsas investisiya sahələri telekommunikasiya (25%), nəqliyyat və logistika (22%) və ticarət (16%) olub. Azərbaycan biznesinin əsas investisiyaları Ukraynada (1,3 milyard dollar) və Gürcüstanda (1,2 milyard dollar) cəmləşib. Layihələrin sayına görə isə lider Rusiya olub; burada təxminən 424 milyon dollar dəyərində 13 təşəbbüs həyata keçirilir. Azərbaycan kapitalının digər regional iqtisadiyyatlardakı mövcudluğu da qeyd olunub: Belarus - 5 layihə (197 milyon dollar), Qazaxıstan - 3 layihə (43 milyon dollar), Qırğızıstan - 1 layihə (53 milyon dollar), Özbəkistan - 2 layihə (43 milyon dollar).
Bankın məlumatına görə, Azərbaycan Avrasiya regionunun ölkələrindən ən çox BXİ qəbul edən ölkələrin üçlüyünə daxil dir.
"2025-ci ilin ilk yarısının sonunda gələn BXİ həcmi 5,4 milyard dollar təşkil edib və 2016-cı ildən 2,4 dəfə artıb. Ölkə üzrə layihələrin kapital tutumu yüksəkdir - hər layihəyə orta hesabla 302 milyon dollar düşür, bu isə region ölkələri arasında ən yüksək göstəricidir. Ölkədə ümumilikdə 18 layihə həyata keçirilir. İnvestisiyaların təxminən 90%-i (4,8 milyard dollar) - Rusiya kapitalının iştirak etdiyi "Şah Dəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinə aiddir. Kapital mənbələrinin strukturunda isə alınan investisiyaların demək olar ki, bütün həcmi (99%) Rusiyadan gəlir.
2023-cü illə müqayisədə 6,8% azalma qeydə alınıb, bu, 2024-cü ildən 2025-ci ilin ilk yarısına qədər Azərbaycandakı üç layihədən rus şirkətlərinin çıxması ilə bağlıdır; xüsusilə, 2024-cü ilin iyun ayında "RussNeft" şirkəti bütün neft hasilatı aktivlərini təxminən 300 milyon dollar dəyərində satıb",-deyə hesabatda qeyd olunur.