Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əli Kərimli Bakını Suriya sayır?

Əli Kərimli Bakını Suriya sayır?

Tarix: 16 Dekabr 2019 10:00

Vətəndaşların tam əksəriyyəti hakimiyyətin siyasətini dəstəkləyirsə, sən demə, bu, "çox pisdir və kölə psixologiyasından xəbər verir". Və sən demə, hakimiyyəti sürəkli tənqid, əksər hallarda təhqir edən, demaqogiya və boşbobazlıqla məşğul olmaq, söz oyunlarında akrobatlıq etmək cəhdlərini sıralamaq "ağıllı, kreativ və müstəqil düşüncə"nin xəbərçisiymiş.

O da vurğulanır ki, bəs birləşmək, vəhdət yaratmaq pisdir, kollektiv şüur isə ümumiyyətlə, demokratiyaya qarşıdır.

Bu fikirlər AXCP sədri Əli Kərimlinin son illərdəki Facebook blogerliyinin məhvərini təşkil edən anlamlardır.

Tənqidi əsla qəbul etməyən, Əli Kərimlinin səhvlərini söyləyib yanlışlarını göstərən kəsə dərhal "hakimiyyətin adamı" yarlığını vuran sosial şəbəkə trollarını da anlamaq çətindir. Hər biri bir neçə, hətta onlarla profil yaradaraq saxtakarlıq edən və sosial şəbəkələrdə güclü dəstək, "ümumxalq rəğbəti" görüntüsünü formalaşdırmağa çalışan insanlar hələ də dərk etmək istəmirlər ki, postinsan dövründə, informasiya məkanı zamanında yaşayırıq.

Belədirsə, səcdə etdikləri inkişaf etmiş ölkələrə baxsınlar və orada yaşananları anlamağa çalışsınlar.

Yaponiyada olanlardan Ə.Kərimlinin tərəfdarlarının xəbəri varmı, ümumiyyətlə?! Yapon mentaliteti kollektiv düşüncəyə və şüura çox böyük dəyər verir, hakimiyyətə sayğı bəsləyirlər. "Gündoğar ölkə"nin uğurlarının və inkişafının sirlərindən biri də budur.

AXCP sədri Əli Kərimli isə siyasi korrelyasiyaları, təkamülü və düşüncə intibahını birmənalı olaraq kənara atır, radikal çağırışlarla siyasi demaqogiyanı fəaliyyət prinsipi sayır.

Onun Facebook səhifəsindəki son paylaşımlarından biri də bu baxımdan yetərincə maraqlıdır.

"Bura Suriya yox, Bakıdır. Bəs Bakını Suriyaya çevirən kimlərdir?" yazan Əli Kərimli Bakıda müxtəlif vaxtlarda və müxtəlif yerlərdə baş vermiş yanğınların 9 fotosundan ibarət kollajı paylaşıb.

AXCP sədrinin nəzərinə çatdırmaq istərdim ki, Bakı ilə Suriyanı müqayiasə etməyin özü coğrafi biliklərin yetməzliyindən xəbər verir. Nədən ki, Bakı şəhər, Suriya isə ölkədir.

Gərçi cənab Kərimli müqayisəyə varmaq istəsəydi, barı Bakını Suriyanın paytaxtı Dəməşqlə bir tuta bilərdi.

Fəqət, bu müqayisə də absurddur.

Əvvəla, Bakıdakı situasiya ilə Dəməşqdəki vəziyyət yerlə-göy qədər fərqlidir. Asayiş, siyasi və iqtisadi durum, vətəndaşların təhlükəsizliyinin təminatı, infrastrukturun fəaliyyəti  və s. - bir sözlə, istisnasız olaraq bütün sahələrdə.

Dəməşq qanlı vətəndaş müharibəsinin getdiyi, ərazisinin ən müxtəlif terror təşkilatları arasında bölüşdürüldüyü, torpaqlarının bir çox hissəsinə xarici dövlətlərin tam nəzarət etdiyi, dövlət strukturlarının fəaliyyətinin prinsip etibarilə elə paytaxt və bir neçə şəhərlə məhdudlaşdığı Suriyanın baş şəhəridir.

Suriyanın viranə qalmasının və parçalanmasının səbəbkarı da ölkə hakimiyyəti yox, bu hakimiyyəti devirmək istəyən xarici güclər və bir neçə dövlət olub.

Onlar Suriya prezidenti Bəşər Əsədi devirməklə yetinməyib, onun məhviniə çalışırlar.

Azərbaycanla Suriyanı müqayisə etmək məhz bu baxımdan absurddur.

Absurd həm də Ə.Kərimlinin paylaşımıdır.

Diqqətli oxucu soruşa bilər ki, əcəba, AXCP sədri Facebok səhifəsində iki cümləlik paylaşım edib, bu, onun fikridir və Azərbaycanda hər kəs fikrini açıqlamaqda, xüsusilə də sosial şəbəkələrdə mövqeyini bölüşməkdə tam azaddır. Belədirsə nədən və hansı səbəblərdən iki cümləlik paylaşımı bunca böyük həcmli mətnlə şərh edirik?!

Səbəb trivial, sadə və hətta ibtidaidir.

İki cümlə AXCP sədrinin düşüncə tərzindən, mövqelərindən, siyasi mübarizə metodologiyasından, tərəflarlarına xitab prinsiplərindən və sosiuma messic formatından xəbər verir.

Necə ki, inkişaf etmiş ölkələrdən birində hər hansı vətəndaş Facebook profilində "Yetər, başlayaq, buranı kim Suriyaya çevirmək istəyir?" yazarsa, medianın diqqətini mütləq cəlb edəcək.

Çünki belə düşüncə tərzinin özündə potensial təhlükə elementləri, sosiumda aqressiv fikir formalaşdırmaq niyyəti var.

Ə.Kərimlinnin məntiqdən uzaq paylaşımı da bu səbəbdən diqqəti cəlb edir.

Azərbaycanın son illərdə üzləşdiyi geosiyasi çağırışların intensivliyinin və miqyasının, müxtəlif güclərin və ölkələrin dövlətimizin daxili işlərinə kobud müdaxilə cəhdləri daxildəki müxtəlif radikal qrupların və strukturların fəallaşmasına səbəb olub.

Onlar ən müxtəlif adlarla ölkədəki vəziyyəti stabillik məcrasından çıxarmağa çalışır, "inqilab"lara və "kütləvi etiraz"lara çağırırlar. Bu zaman Yaxın Şərqdə və Şimali Afrikadakı "ərəb baharı" hələ də iqtibas gətirilir.

Lakin anlamaq gərəkdir ki, Tunisdə, Əlcəzairdə, Liviyada, Suriyada, Misirdə olaylar daxili etirazlar, kütləvi narazılıqlar və ya inqilabi situasiya nəticəsində yox, sonradan xaos və anarxiya ilə sonuclanmış geosiyasi mübarizə nəticəsində yaşandı.

İnqilab kimi qələmə verilən çevrilişlər vətəndaşlarını yaşamlarının yaxşılaşmasına səbəb olmadı, ola da bilməzdi. Səbəb sadədir: istisnasız olaraq bütün "inqilab"lar kənarda hazırlanmış, kənardan idarə olunmuşdu.

AXCP sədri Əli Kərimli də Azərbaycana belə ssenari vəd edərək Bakını Suriya ilə "müqayisə edirsə", belə mövqenin və davranışın əsasını düşünülmüş fəaliyyət təşkil edirsə, radikal müxalifətin ölkə üçün nə kəsb etdiyini, nələr vəd etdiyini təxminləmək heç çətin deyil.

Yetər ki, Ə.Kərimlinin sosial şəbəkədəki aktivlik göstəricisinə çevrilmiş açıqlamalarını oxuyasan.

Elçin Alıoğlu
Milli.Az


Etiketlər:  Əli Kərimli Bakını Suriya sayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ