Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 07:02
Məsud Aşina: "Gələcəkdə baş ağrılarına qarşı yeni bir dərman da hazırlaya bilərik"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
23 yaşı olanda Danimarkada tibb sahəsində çalışmaq qərarı verir. Bu ölkədə tanışı, heç bir əlaqəsi olmasa da, gedir. Hətta 16 yaşlı qardaşını da özüylə aparmaq məsuliyyətini üzərinə götürür... Həmin vaxtdan artıq 30 il keçir. Bu müddətdə o istədiyini əldə edə bilir.
Söhbət Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avroluq qrant udması məsələsi ilə bu günlərdə gündəmə gələn azərbaycanlı həkim, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin prezidenti Məsud Aşinadan gedir.
Qeyd edək ki, Məsud Aşina 1965-ci ildə Bakıda anadan olub. 20 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır və Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisidir. Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.
- Universiteti bitirəndən sonra Təcili Tibbi Yardım xidmətində internatura keçmisiniz. Azərbaycanda çalışdığınız yeganə iş yeri bu olub?
- Təcili Tibbi Yardımda internatura dövründə çalışmışam. Tibb Universitetini bitirəndən sonra bir il işləməliydik. Mən də internaturanı Təcili Tibbi Yardım sahəsində keçirdim. Sonra Danimarkaya köçdüm.
- Təcili Tibbi Yardım xidmətində çalışdığınız o bir il yadınızda necə qalıb?
- Həmin iş mənim üçün yeni bir şey olmasa da, maraqlı idi. Ona görə yeni deyildi ki, mən təxminən 3-cü kursdan sonra gecələr Respublika Toksikologiya Mərkəzində tibb işçisi kimi işləyirdim. Hər gün deyil, həftədə bir neçə dəfə orda çalışırdım. Həmin iş yeri mənə çox yaxşı təcrübə qazandırdı. Orda Təcili Tibbi Yardım xidməti də var idi. Ona görə, bu sahədə müəyyən qədər təcrübəm formalaşmışdı. Amma internatura dövründə işlədiyim təcili tibbi yardım işinin özünəməxsus spesifik tərəfləri var idi. Məsələn, yardım üçün çağırırdılar, gedirdik. Hansı problem olduğunu bilmirsən və qəfil təcili bir məsələ ortaya çıxır ki, sən bunu həll etməlisən. İnternatura zamanı tibbi yardım çağırılanda, tək də gedirdim. Amma ciddi bir xəstəlik olanda - ürəklə bağlı məsələlərdə təcrübəli həkimlə bir yerdə gedirdik. Bir illik müddət olsa da, orda çox şey öyrəndim.
- 23 yaşlı bir gəncin o vaxt Danimarkaya köçmək qərarı verməyinin səbəbi nə idi?
- Mənim həm tibb sahəsində çalışmaq, həm də elmi istiqamətdə fəaliyyət göstərmək, bu sahədə bir yerlərə gəlmək kimi istəyim var idi. O vaxt sovet hökumətinin tərkibində idik və heç kim inanmırdı ki, bu boyda dövlət dağılacaq. Və mən bir gənc kimi sovet hökumətində perspektiv görmürdüm. Bu səbəbdən peşəkar karyeramı inkişaf etdirmək üçün ölkə xaricinə çıxmaq fikrinə gəlmişdim. Qərar verdim ki, ya Avropaya, ya da Amerikaya miqrasiya edim, orda yaşayım, işləyim.
- O vaxt bu qərarı verəndə, ətrafınızda ölkə xaricinə çalışmaq üçün gedənlər var idi?
- Yox, o qərarı özüm vermişdim. O vaxt ölkə xaricində çalışmaq üçün gedən azərbaycanlıların sayı az idi. Sovet hökuməti dağılandan sonra azərbaycanlılar Türkiyəyə, Avropa ölkələrinə, Amerikaya daha çox getməyə başladılar. Mən gedən zamanlarda tək-tük insanlar bu addımı atırdılar. O vaxt ölkə xaricinə getmək böyük addım idi. Orda kiminləsə əlaqəm yox idi. Buna baxmayaraq, mən o qərarı verdim və həyata keçirdim. Amma türklər demiş, o qədər də kolay olmadı.
- Adətən, ölkə xaricində işləmək fikri olanlar təhsil üçün gedirlər ki, öyrəşsinlər, zamanla iş mühitinin içinə düşsünlər.
- Mən təhsil üçün getmədim, məqsədim iş mühitinə düşmək idi. Fikirləşirdim ki, orda işləməyə nə qədər tez başlasam, daha tez irəli gedə bilərəm. Nə qədər gec olsa, mənim üçün mənfi tərəfləri ortaya çıxa bilər. İşləmək üçün getdim və karyeramla bağlı hər şeyi Danimarkada qurdum.
- Niyə Danimarkaya getdiniz?
- İstəyirdim ki, getdiyim ölkədə mənim işləməyim, özümü inkişaf etdirməyim üçün imkanlar olsun. O zaman daha çox Amerikaya getməyi düşünürdük. Çünki Amerika imiqrantlar ölkəsidir. Orda imiqrantlar üçün mühit başqa yerlərə nisbətən daha yaxşıdır. Amma Skandinaviya mənim çox xoşuma gəldi. Oranın həyata bir humanist yanaşması var. Mənim fəlsəfəmə, həyatıma uyğundur, oranı çox sevirəm.
- Siz getdiyinizdə 16 yaşlı qardaşınızı da özünüzlə aparmısınız. Belə məsuliyyətli məqamda adam tək gedir, çünki hələ bilmir nə olacaq.
- Qardaşımın 16 yaşı var idi və anam onu o vaxt hələ də uşaq hesab edirdi. Ona görə, mən qardaşımı aparmaq qərarı verəndə, anam çox narahat oldu. Dedim ki, narahat olma, qardaşım üçün hər şeyi edəcəm ki, orda müvəffəqiyyətli olsun. Bir növ qardaşımın da məsuliyyətini üzərimə götürdüm. O da mənimlə getdi, orda lisey kimi iki illik kurslar var idi, orda oxudu. Sonra Kopenhagen Universitetində tibb sahəsi üzrə təhsil aldı. İndi də Boston və Harvard kimi universitetlərində işləyir.
- İki qardaş getmisiniz. Maliyyə cəhətdən valideynləriniz sizə dəstək olurdu?
- Hər şeyi özümüz edirdik. Valideynlərin siz fikirləşən o maliyyə dəstəkləri yox idi. Atam da, anam da sovet vaxtı maaşla dolanan ziyalılardan idilər. Aclıq çəkmirdik, amma bizi xaricdə hər şeylə təmin edəcək qədər maliyyəyə də sahib deyildilər. Ancaq elmi istiqamətdə ailəmizin yaxşı əlaqələri var idi. Ailəmiz, xüsusilə anam tərəf ziyalılardır. Qohum-əqrəbanın çoxu akademiyada işləyir, institutlarda dərs deyirdilər. Biz qardaşımla çıxanda, nə atamızdan, nə anamızdan asılı deyildik.