Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 10:45
Dekabrın 23-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, dairə seçki komissiyasının 4 məntəqəsinin sədri Simuzər Zeynalova bildirib ki, məntəqə üzrə 1482 seçici qeydə alınıb. Onlardan 5 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Məntəqədə yaşı 80-ni ötmüş 21 seçici var. Səsvermənin gedişini müxtəlif partiyaları təmsil edən 12 müşahidəçi izləyir. Məntəqədə veb-kamera quraşdırılıb. Seçki normal qaydada gedir, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, dairənin tərkibinə daxil olan 31 seçki məntəqəsi üzrə 44 min 530 seçici qeydə alınıb. Dairə seçki komissiyası tərəfindən bələdiyyə üzvlüyünə 57 namizəd qeydə alınıb. Məntəqələr bütün zəruri avadanlıqla təmin edilib, səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairənin 10 məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.
Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.
Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.