Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşin ən pozitiv qızı - Portret - FOTO

Güləşin ən pozitiv qızı - Portret - FOTO

Tarix: 23 Dekabr 2019 21:16

"Fərqi yoxdur, güləşlə məşğul olur, ya da qaydasız döyüşlə, qadın, hər bir halda qadındır"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir. 

Cari olimpiya dövrünün mundialları güləşçilərimiz üçün uğurlu olmadı. Üç "qızıl" və iki olimpiya lisenziyası pəhləvanlarımıza bəslənən etimadın heç minimum qarşılığı da deyil. Belədə, Avropa çempionatlarında əldə edilən nəticələrlə təsəlli tapmalıyıq. II Avropa Oyunlarını da nəzərə alsaq, 4 qitə yarışında üst-üstə 49 medal, razılaşaq ki, kifayət qədər böyük göstəricidir. Elə ötən ilin mayında güləş mərkəzi Dağıstanın paytaxtı Kaspiyskdə keçirilən Avropa çempionatında 18 medal qazanan komandalarımız, tarixi maksimuma nail olmuşdu. Xatırladaq ki, ümumilikdə 30 çəki dərəcəsinin dördünü ilk, beşini ikinci, doqquzunu isə "bürünc" pillədə bitirib, medal sayına görə, ən yaxşı nəticəmizi müəyyənləşdirmişdik.
 
Sözügedən qitə yarışı ilə bağlı bir məqam var idi ki, bunu güləş həvəskarları yaxşı xatırlayar. Karyerasında ilk dəfə böyüklər arasında yarışda fərqlənən ağır çəkili qadın pəhləvanımız, olduqca səmimi, emosional sevinc anları ilə marağa səbəb olub, sosial şəbəkələrdə bir xeyli izlənmə sayı yığmışdı. Odur ki, diqqətiniz bizdə olsun, indi həmin xanımdan geniş söhbət açacağıq.
 
Hər ailədə bir güləşçi, onlarda isə...

 
Əliyeva Səbirə Allahverdi qızı 25 sentyabr 1994-cü ildə Bakının Buzovna qəsəbəsində, çoxuşaqlı, idman ənənəsi olan ailədə doğulub. Atası gəncliyində güləşlə məşğul olub, özü ilə yanaşı, qardaşları və bacısı İranə də pəhləvanlıq təcrübəsi yaşayıb. 15 yaşında güləşə gələn Səbirə, bunadək üç il ciu-citsu ilə məşğul olub. Dediyinə görə, ölkədə ən qabaqcıl idman növünə keçməsində əsas rolu atası oynayıb. Hətta ümumiyyətlə, idmana marağının olmadığını, peşəkar güləşi isə heç ağlının ucundan da keçirmədiyini, sadəcə, atasının istəyinə qarşı çıxmamaq üçün bu addımı atdığını qeyd edir. Lakin elə ilk cəhdlərindəcə qazandığı qələbələr, ardıcıl xarici səfərlər sayəsində onda getdikcə maraq oyanıb. Belə ki, 2010-cu ildə yeniyetmələrin Azərbaycan birinciliyin qalibi olan Səbirə, iki il sonra Bakıda keçirilən dünya çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

"Ən"lər arasında
 
Səbirə, Azərbaycan qadın güləşində yerli məktəbin nümayəndələri arasında ən titullulardandır. 2013-cü ildə Makedoniyada gənclərin Avropa çempionu, Bolqarıstanda dünya üçüncüsü, növbəti il isə Xorvatiyada dünya çempionu olub. 2015-ci ildə gənclərdə ikinci dəfə Avropanın ən yaxşısı ünvanına yiyələnibsə, Braziliyada gənclər arasında dünya çempionatında növbəti (gümüş) medalını boynundan asaraq, bu yarış üzrə kolleksiyasını tamamlayıb. Ölkə daxilində keçirilən nüfuzlu yarışlara gəlincə, Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəylik Oyunlarının gümüş mükafatını qazanıb. Ümumiləşdirsək, o, göstəricilərinə görə, yerli məktəbin yetirmələri arasında yalnız Avropa çempionu və dünya ikincisi Sona Əhmədlidən geri qalır. Kaspiyskdəki nailiyyəti isə əslən azərbaycanlı xanımların olimpiya çəki dərəcələri üzrə qitəmiqyaslı yarışda qazandığı ilk medal kimi tarixə düşüb.

2019-cu ildə o, hər üç böyük yarış üçün müəyyənləşən heyətdə yer alsa da, heç birində mükafatçılar sırasına düşə bilmədi. Belə ki, apreldə Rumıniyada keçirilən qitə çempionatının ilk görüşündə belaruslu rəqibini 5 xallıq fərqlə üstələyən Əliyeva, 1/4 finalda ötən ilin analoji yarışında məğlub etdiyi macar güləşçiyə yenildisə, iyunun sonlarında "Minsk2019" II Avropa Oyunlarında əvvəlcə Yunanıstan və Böyük Britaniya təmsilçilərini böyük üstünlüklə yenib, sonradan Almaniya və norveçli həmkarlarına uduzaraq, beşinci nəticə göstərdi. Sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda təşkil olunan Tokio olimpiadasına lisenziya xarakterli dünya çempionatı isə onun üçün iki görüşdən ibarət oldu. 1/16 finalda cənubi koreyalı rəqibini 5-2 hesabı ilə məğlub edən Səbirə, almaniyalı dünya çempionuna müqavimət göstərə bilmədi - 0:10. Rəqib finala yüksələ bilmədiyindən, həmyerlimizin medal və lisenziya şansı qalmadı.

İlk ola bilər
 
Əfsanəvi Mariya Stadnikin lideri və hazırda yeganə lisenziya sahibi olduğu qadın güləşi yığmamızın "Tokio2020" üçün qarşıya qoyduğu minimum hədəf üç lisenziyadır. Ötən olimpiada ilə müqayisədə iştirakçı sayının azaldığını nəzərə alsaq, bu missiyanı yerinə yetirmək bir xeyli çətin olacaq. DÇ-dən sonra Rioya üç təsnifat yarışı vardısa, Tokioya yollanmaq üçün, sadəcə, iki şans qalıb. Martın 19-dan 22-dək Macarıstanda Avropa, aprelin 30-dan mayın 3-dək Bolqarıstanda dünya təsnifat turniri keçiriləcək. Hər iki yarışda yalnız finalçılar Yaponiya paytaxtına yolla biləcək. Odur ki, Əliyeva və onun komanda yoldaşlarının üzərindəki həyəcan, məsuliyyət sandığımızdan da çoxdur. "İlk şansdan olmasa da, ikincidə lisenziya qazanacağam" deyir, Səbirə.
 
Yeri gəlmişkən, onun qazanacağı olimpiya lisenziyası Azərbaycanın güləş tarixinə düşə bilər. Çünki hər üç olimpiadada (Pekin, London və Rio), bir qayda olaraq, legioner xanım güləşçilərlə təmsil olunmuşuq. Belə ki, hamısında ukraynalı Mariya Stadnik heyətdə yer alıbsa, iki halda belaruslu Yuliya Ratkeviç, hərəsi bir dəfə olmaqla isə rusiyalı Yelena Komarova, latviyalı Olesya Zamula və Stadnikin həmyerlisi Nataliya Sınışin ölkəmizin idman şərəfini qoruyub.
 
Tələsmək olmaz!
 
"Daim harasa tələsirəm, bu, mənim ən mənfi cəhətimdir" deyən Səbirə, elə güləşən zaman da təmkinini qorumaqda çətinlik çəkir. Vaxtından əvvəl qələbə qazanmaq cəhdləri onu bəzən istəyinə çatdırsa da, bəzən gedişdə, əlverişli üstünlük yaxaladığı görüşü uduzmasına səbəb olur. Başa düşür ki, təsnifat yarışlarında bu səhvlər bağışlanmayacaq. Dördilliyin ən möhtəşəm yarışına yollanacaq 16 xoşbəxt sırasına düşmək üçün maksimum soyuqqanlı olub, nəzarəti sonadək əlində saxlaması lazımdır.


Etiketlər:  Güləşin pozitiv qızı Portret FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ