Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 18:39
Bakı. Trend:
9-20 dekabr 2019-cu il tarixində Fransanın Paris şəhərində yerləşən Ali Dövlət İdarəçilik Məktəbi (ENA) tərəfindən “Dövlət sektorunda innovasiya və rəqəmsal transformasiya” mövzusu üzrə təlim kursu keçirilib. Kursda 17 ölkənin müxtəlif qurumlarından dövlət siyasətinin həyata keçirilməsi sahəsində çalışan 26 nümayəndə iştirak edib.
Dövlət siyasətində yeni metodların mənimsənilməsi, rəqəmsal texnologiyanın problemlərinin və rolunun dərk edilməsi, müxtəlif innovativ üsullardan istifadə etməklə ictimaiyyətə xidmətlərin göstərilməsində nəticələrin öyrənilməsi kimi məsələləri özündə ehtiva edən beynəlxalq təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun böyük məsləhətçisi, Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva da iştirak edib. O, Azərbaycanda “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 14 mart 2018-ci il tarixli Fərmanı, bu sahədə görülən işlər, “ASAN xidmət” mərkəzi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqinin dövlət siyasətinin prioritetlərindən olması barədə iştirakçılara məlumat verib. Eyni zamanda, Ombudsman Aparatının fəaliyyəti, şikayətlərin verilməsi proseduru, o cümlədən təsisatda mövcud olan qaynar xətlərin işi iştirakçıların diqqətinə çatdırılıb.
Təlim proqramının sonunda Ombudsman Aparatının nümayəndəsinə mövzu üzrə ixtisaslaşdığını təsdiq edən və ENA-nın direktorunun imzaladığı ixtisas sertifikatı təqdim edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin