Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı - FOTO

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı - FOTO

Tarix: 28 Dekabr 2019 15:57

Dekabrın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, kollegiya iclasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi.

Nazir müavinləri, Aparatın işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirak etdiyi iclası açan nazir Əbülfəs Qarayev əvvəlcə Fərəh Əliyevanı yeni səlahiyyətləri münasibətilə təbrik etdi və ona işlərində uğurlar arzuladı.

Sonra nazir gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, kollegiya iclasında beş məsələ müzakirə ediləcək. İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və 2020-ci ilin birinci yarısının iş planının təsdiqi üzrə məruzələr dinləniləcək. Diqqətə çatdırıldı ki, nazirliyin birillik fəaliyyəti haqqında hesabat yazılı şəkildə bütün iclas iştirakçılarına paylanılıb. Buna görə də hesabatla bağlı məruzələrdə ən mühüm hadisələrin əhatə edilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov nazirliyin tədbirlər planına uyğun olaraq, İ.Nəsimi və C.Cabbarlının yubileyləri ilə bağlı görülən işlərə dair məruzə ilə çıxış etdi. Bildirildi ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox müxtəlif səpkili tədbir təşkil olunub. Şöbə müdiri bu Bakıda altıncı dəfə keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkası və tədbirin ölkəmizdə kitab sənətinin inkişafına verdiyi töhfələr haqqında söz açdı.

Qeyd olundu ki, hesabat dövründə Azərbaycan ədəbiyyat xadimləri ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən görkəmli ədəbiyyat xadimlərinin yubileylərinin qeyd olunması haqqında sərəncamlar imzalanıb. Bu sərəncamlarla bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanaraq icra olunub. Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsi mütəfəkkir şairin yaradıcılığının daha geniş tədqiq və təbliğ olunmasına imkanlar yaradıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə bu il ikincisi keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində 30-dək tədbir keçirilib. C.Cabbarlının 120 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birgə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçirilib.

Daha sonra nazir Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2019-cu ildəki fəaliyyəti haqqında geniş hesabatla çıxış etdi.

İl ərzində nazirliyin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı. Diqqətə çatdırdı ki, yola salacağımız il Azərbaycan mədəniyyətində ən yaddaqalan illərdən oldu: "Cənab Prezidentin 2019-cu ili "Nəsimi ili" elan etməsi həm də mədəniyyət, ədəbiyyat, fəlsəfə, Azərbaycan dilinə xüsusi münasibət baxımından əlamətdardır. Çünki böyük şairin yaradıcılığı bütün bu sahələri əhatə edir və Azərbaycan mədəniyyətində, məfkurəsində dərin iz qoyub. 50 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Bu il isə Prezident İlham Əliyev 50 ildən sonra bu dahi şairin adını XXI əsrdə yenindən dünyanın diqqət mərkəzinə qaytardı".

Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğuladı ki, bu il də ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. İyunun 30-dan iyulun 10-dək ölkəmizdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Tədbirin təşkili UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Əbülfəs Qarayev bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESKO-dakı nüfuzunun xüsusi rol oynadığını vurğuladı.

Nazir həmçinin mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı.

Nazir əlamətdar musiqi hadisələri, rəngarəng tədbirlər, müsabiqələr, festivallar, dünyaca məşhur musiqiçilərin Bakı səhnəsində çıxışlarını ilin zəngin səhifələrindən olduğunu dedi. Qeyd etdi ki, aprel ayında Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və "Kreml baleti" teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində SSRİ Xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş olunub.


Etiketlər:  Mədəniyyət naziri gələn üçün əsas hədəfi açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ