Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 17:33
ABŞ dövlət katibi Maykl Pompeo yanvarın ilk günlərində bəzi keçmiş sovet respublikalarına səfərə gələcək.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu haqda Dövlət Departamentindən bildiriblər.
Məlumata görə, Pompeo Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanda səfərdə olacaq. Səfərdə məqsəd ABŞ-ın Avropadakı və Mərkəzi Asiyadakı prioritetlərini təsdiq etməkdir. Dövlət Departamentindən belə deyiblər.
"The Washington Post" qeyd edir ki, Maykl Pompeo Belarusa səfər edən ilk ABŞ dövlət katibi olacaq. Bu səfər 2020-ci il yanvarın 4-də baş tutacaq və Rusiya ilə Belarus arasında münasibətlərin mürəkkəbləşdiyi dövrə təsadüf edir.
Xatırladaq ki, son zamanlar Belarus prezidenti Aleksandr Lukaşenko tez-tez Rusiyanın ünvanına sərt bəyanatlar verir, şimal qonşusunun onun ölkəsini zəbt etmək planları haqda danışır. Hətta Minksdə bir-birinin ardınca müxalifət tərəfdarları Rusiya ilə Belarusun inteqrasiyasına qarşı aksiyalar təşkil edir, bu aksiyalar şübhəsiz ki, hakimiyyətin razılığı ilə baş verir.
Belarus tərəfi ABŞ dövlət katibinin səfərini təsdiq edib. "Bəli, biz Amerika tərəfi ilə bu səfərə hazırlıq görürük. Dövlət katibinin Belarusa işgüzar səfəri 2020-ci il yanvarın 4-nə planlaşdırılır",-Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib. Pompeonun Minskdə yüksək səviyyəli danışıqlar aparacağı bildirilir. Konkret olaraq ABŞ-Belarus münasibətlərinin bütün spektri və regional təhlükəsizlik tematikası müzakirə olunacaq.
Kiyevə səfər isə ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyini bir daha təsdiqləmək məqsədi daşıyır. Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus belə deyib. Dövlət katibi Kiyevdə prezident Vladimir Zelenski ilə yanaşı xarici işlər naziri, müdafiə naziri ilə danışıqlar aparacaq, dini liderlərlə və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.
Maykl Pompeo Kiyevdən sonra Özbəkistana və Qazaxıstana səfər edəcək. Avropa və Mərkəzi Asiya turnesini Kiprdə başa vuracaq.
Qeyd edək ki, "The Economist" jurnalı Özbəkistanı prezident Şövkət Mirziyayevin apardığı islahatlara görə "ilin ölkəsi" elan edib.