Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə və kreditiniz olubsa... - DETALLAR

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə və kreditiniz olubsa... - DETALLAR

Tarix: 31 Dekabr 2019 18:32

Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq.

Məhz bunu nəzərə alan CESD, beyin mərkəzi olaraq kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər.

Şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə, kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.

Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən, sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi, əksər hallarda, vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan, biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin.

Şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək. Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləği kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla 4 nəfər varsa, o zaman 4 nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir.

Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, müsbət kredit tarxiçəsi olan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i, kredit tarxiçəsi mənfi hesab olunan vətəndaşımızın da xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Ərizəçi subay olduqda müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni, əgər vətəndaş subaydırsa və onun aylıq əmək haqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni, o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarxiçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib, ona sahib ola bilməyəcək.

Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i müəyyənləşir. Yəni, aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əmək haqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləgi 244 manat olacaq. Bu isə o deməkdir ki, qənaətbəxş kredit tarxiçəsinə malik olan subay vətəndaşımız ayda 800 manat əmək haqqı alırsa, kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək.


Etiketlər:  Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR evlisinizsə kreditiniz olubsa DETALLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ