Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 20:15
Katarakta el arasında mirvari suyu kimi tanınan, adətən normal halda yaşlı adamlarda qeydə alınan büllurun bulanmasıdır. Klinik olaraq xəstədə görmənin getdikcə zəifləməsi, günəşli havada görmənin pisləşməsi qeydə alınır. Xəstələrdə aldadıcı olaraq büllurun şişməsi, yəni bulanması ilə əlaqədar miopiya xəstəliyi yaranır. Bəzi xəstələr özlərini aldadaraq eynəkdən istifadə edirlər.
Kataraktanın əsas yaranma səbəbi yaş amilidir. Daha çox 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Lakin şəkərli diabetdən əziyyət çəkənlərdə, toksik materiallar istehsal edilən zavodlarda işləyənlərdə, kimyaterapiya alanlarda, hər hansı bir hadisə zamanı travma alanlarda, hətta yeni doğulan körpələrdə də qeydə alına bilər. Bunlar normal katarakta hesab olunmur. Qadınlar və kişilər arasında rastgəlmə tezliyi eynidir.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, kataraktanın yeganə müalicəsi cərrahi müdaxilədir: "Son dövrlər xırda kəsiklərdən istifadə edilməklə fako emusifikasiya yolu ilə büllurun sorulması və xırda kəsiklərdən arxa kameraya süni büllurların implantasiya olunması əməliyyatı icra edilir. Müxtəlif firmaların süni büllurları var ki, onlar şüasındırmanı korreksiya edir. Hazırda oftalmologiyada elə süni büllurlar tətbiq olunur ki, onlar həm yaxına, həm də uzağa akkomodasiya olur. Katarakta əməliyyatları anesteziyasızdır. Xəstəyə narkoz verilmir, əməliyyat damla metodundan istifadə olunmaqla, 10-12 dəqiqə davam edir. Əməliyyatdan sonra xəstələrdə görmə itiliyi tezliklə bərpa olunur. Xəstəlik vaxtında əməliyyat olunarsa, katarakta şişib qlaukoma əmələ gətirməz və korluğa səbəb olmaz".