Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:36
Bakı. Samir Əli - Trend:
Planlaşdırılmayan miqrant axını istənilən ölkənin iqtisadiyyatı üçün böyük risk yaradır.
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, əmək bazarında situasiyanın kəskin dəyişməsi balansı pozur, istehsal və istehlak arasında mütənasibliyə ciddi təstir göstərə bilir: "Bu baxımdan, Azərbaycana qəfil miqrant axını arzuolunan deyil, işsizliyin artmasına, ucuz işçi qüvvəsi təklifinin yüksəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, Azərbaycanda işsizliyin azaldılması ilə bağlı ciddi dövlət siyasəti aparılır, yeni-yeni müəssisələr açılır, sahibkarlığa dövlət dəstəyi göstərilir - belə bir şəraitdə xarici faktorların təsiri arzuolunan deyil və bu minimallaşdırılmalıdır".
T.Mirkişili bildirib ki, iqtisadiyyatın müxtəlif sahələri üçün tələb olunan ixtisaslı kadrların təhlili müvafiq strukturlar tərəfindən aparılır, bu təhlillərdən sonra onlara Azərbaycanda işləmək icazəsi verilir: "İqtisadiyyatımız inkişaf etdikcə bəzi sahələrdə xarici işçi qüvvəsinə ehtiyac yaranır. Bu, iqtisadi inkişafın tsiklindən asılıdır. İndiki halda bunlar tənzimlənir, əmək bazarında ölkə vətəndaşlarının iqtisadi mənafelərinə təhlükə yarada biləcək miqrant axınının qarşısı qanunlarla alınır.
Miqrant axını ilkin mərhələdə ölkəyə xarici valyuta axınını da gücləndirir. Çünki gələn insanlar özləri ilə xarici valyuta da gətirirlər və sahibkar miqrantlar ölkə iqtisadiyyatına investisiya qoyurlar. Amma bu hədd ölkənin iqtisadi tələbinə uyğun gəlməlidir. Əks halda, istehlakı artırmaqla idxalı artıra və ölkədən valyuta çıxmasına səbəb ola bilər".
İqtisadçı vurğulayıb ki, miqrasiya axınının ən çox təsir etdiyi sahələrdən biri mənzil bazarıdır. Azərbaycanda sabitliyin və daha yaxşı yaşayış şəraitinin hökm sürməsi miqrantları mənzil almağa stimullaşdıra bilər: "Bu cəhətdən, qısa müddət ərzində bu hal mənzil bazarının canlanmasına səbəb ola bilər. Amma bu, qısamüddətli effektdir, orta və uzun müddətə bu mənzillərdə yerləşən insanlar əmək bazarına mənfi təsir etməkdə davam edə bilərlər. Ümumilikdə, qəfil miqrant axını kriminal durumu pisləşdirir, oturuşmuş dövlət siyasətinə mənfi təsir göstərir, humanitar fəlakətə səbəb ola bilir. Bu isə son nəticədə dövlət büdcəsi xərclərinin və qeyri-leqal iqtisadiyyatın həcminin artmasına səbəb olur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin