Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunvericiliyə internet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edildi

Qanunvericiliyə internet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edildi

Tarix: 9 Yanvar 2020 13:18

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qərarla “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən 11-ci hissə olaraq “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” əlavə edilib.

Həmin hissədə bildirilir ki, əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir.

İnternet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır: mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir; zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir; oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır; kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.

Qərarda tapşırılır ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il 1 iyun tarixinədək icra edilməsini təmin etsinlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qanunvericiliyə internet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ