Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Opera və Balet Teatrının səhnəsində ''Eşq və Ölüm'' baleti təqdim olunacaq

Opera və Balet Teatrının səhnəsində ''Eşq və Ölüm'' baleti təqdim olunacaq

Tarix: 18 Yanvar 2020 12:39

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 6-da Azərbaycanın Xalq Artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.

Opera və Balet Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, ilk dəfə bu balet Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.

“Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Bakıda çox böyük uğurla baş tutan premyera tamaşasından sonra balet elə həmin ildə Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində nümayiş olunub.

2015-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rusiyalı xoreoqraf Nadejda Malıgina "Eşq və Ölüm" baletini yeni quruluşda səhnəyə qoyub. Bu quruluş Polad Bülbüloğlunun 70 illik yubileyi günlərində nümayiş olunub. Fevralın 6-da tamaşaçılar məhz N.Malıginanın quruluşunu izləyəcəklər. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Balet tamaşasında əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və b. ifa edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Opera Balet Teatrının səhnəsində Eşq Ölüm baleti təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ