Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 20:04
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə yaydığı məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində xüsusi iş rejimi tətbiq olunacaq.
“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, birliyin rəhbərliyi tərəfindən bu məsələyə dair bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Əmək normaları çərçivəsində istehsalatda işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi diqqətə çatdırılıb. Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq.
Abonentlərdən xahiş olunur ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 Çağrı mərkəzinə zəng edə bilərlər. Eləcə də (+99477) 3 104 104 saylı operativ whatsapp nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin