Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 07:08
Dubay polisi şagirdlərin təhlükəsizliyini daha etibarlı təmin etmək məqsədilə məktəb avtobuslarında yeni texnologiyalar tətbiq edilməsini təklif edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktəb avtobuslarında şagirdlərin kimliyini müəyyən edəcək üztanıyan kameralar, məktəblilərin nəqliyyat vasitəsinə giriş-çıxışı barədə sürücünü xəbərdar edəcək siqnalizasiya sistemi quraşdırılacaq.
Dubay polisinin departament rəhbəri Arif Əli Məhəmməd jurnalistlərə bildirib ki, sürücü panelində avtobusa minən və düşən şagirdlərin sayını göstərəcək monitor da qoyulacaq. Onun sözlərinə görə, məktəblilərə qarşı törədilən cinayətlərin qarşısının alınmasında süni intellekt texnologiyasından da istifadə edilməsi nəzərdə tutulur. Polis rəisi xatırladıb ki, ötən il məktəb avtobusunda unudulan azyaşlı məktəbli doqquz saatdan sonra vəfat edib. "Sürücülər üçün yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı təlimlər təşkil ediləcək. Məktəb nəzarətçiləri və sürücülər şagirdlərin təhlükəsizliyinə cavabdehlik daşıyırlar. Ötənilki bədbəxt hadisə də nəzarətçi və sürücünün avtobusun salonunda qalmış uşağı unutmaları nəticəsində baş vermişdi", -deyə o qeyd edib.
Yeni layihə Dubayın Yol-Nəqliyyat Departamenti, Birləşmiş Ərəb Əmirliklərinin Nəqliyyat Nazirliyi, məktəblərin birgə iştirakı ilə həyata keçiriləcək.