Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 08:24
AFFA-nın növbəti Konfransı və İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, hər iki tədbir "Bulvar otel"də baş tutacaq.
Saat 10:00-da start götürəcək Konfrans seçki xarakteri daşıyır. AFFA-nın üzvləri qurumun prezidentini seçəcək.
Bu posta yeganə namizəd AFFA-nın hazırkı rəhbəri Rövnəq Abdullayevdir. O, assosiasiyanın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq namizədliyini irəli sürüb. Bunadək 2008, 2012 və 2016-cı illərdə qurumun prezidenti seçilən R.Abdullayev 4-cü dəfə eyni vəzifəyə namizəddir.
AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki keçiriləcək. Bura namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunub. Bunlar Regional Futbol Federasiyaları İctimai Birliyindən İsgəndər Cavadov (Qərb Regional Futbol Federasiyası), Kazbek Tuayev (Regional Futbol Federasiyaları İctimai Birliyi), Elxan Məmmədov (Şimal Regional Futbol Federasiyası), Peşəkar Futbol Liqası İctimai Birliyindən Zaur Axundov ("Keşlə"), Rauf Əliyev ("Səbail"), Vaqif Sadıqov ("Sumqayıt"), Elşad Nəsirov ("Neftçi"), Fərid Mansurov (Peşəkar Futbol Liqası), Sahə Futbol Federasiyaları İctimai Birliyindən Firudin Qurbanov (Tələbə Futbol Federasiyası), Mahir Məmmədov (Futzal Federasiyası), İctimai Futbol Təşkilatları İctimai Birliyindən Elmar Məmmədyarovla (Ümumazərbaycan Futbolsevərlər Birliyi) Könül Mehtiyevadır (İctimai Futbol Təşkilatları İctimai Birliyi).
Tədbirdə yeni vəzifənin - icraçı vitse-prezidentin kimliyinə də aydınlıq gələcək. Bu vəzifəyə indiki baş katib Elxan Məmmədov seçilsə, onun əvvəlki postuna təyinat da rəsmiləşəcək.
Konfransın ardından təşkil olunacaq İcraiyyə Komitəsi ilk dəfə 13 nəfərlə və yeni tərkibdə toplaşacaq. İclasın gündəliyində duran əsas məsələ isə Azərbaycan millisinin baş məşqçisi ilə bağlı olacaq.