Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 16:54
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 6 may 2019-cu il tarixli Fərmanının icrası olaraq, açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Dövlət Reklam Agentliyinin Apellyasıya Şurası yaradılıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır.
ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunub. 20 may 2019-cu il tarixdə Dövlət Reklam Agentliyində Şura sədrinin rəhbərliyi ilə Şuranın ilk iclası keçirilib, Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılıb və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti tapşırıqlar verilib.
Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaqdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin